"İnsanların bir-birlərinə nələr edə biləcəyini biləndən sonra həyatım boyu dəfələrlə sarsılmışam, az qalıb ağlım başımdan çıxsın. Bəşəriyyətin xəstə olduğuna şübhəm qalmır. Mən o xəstəliyi axtarmışam. Mən bu xəstəliyi axtararkən onu ən yaxın yerdə - özümdə tapıram. Bununla da insan təbiətinin anlamalı olduğumuz ümumi cəhətlərinə bələd oluram. Çünki onu dərk etməsək, nəzarətdə saxlamaq mümkün olmayacaq. Bax buna görə də mən qadir olduğum bütün ehtirasımla yazıram" - Uilyam Qoldinq.
️Etiraf edim ki, romanın mövzusu elə bir mövzudur ki, müəllifin qeyd etdiyi kimi sarsılmamaq mümkün deyil. İlk dəfə bu sarsıntını "Karamazovlar qardaşları" əsərində məktəb uşaqlarının şüursuz qəddarlıqları səhnələrini oxuyarkən keçirmişdim.
️Uilyam Qoldinqə dünya şöhrəti gətirən "Milçəklər kralı" romanı 1954-cü ildə çap olunub. İkinci Dünya müharibəsinin dəhşətlərinə şahid olmuş Qoldinq özü də etiraf edib ki, onu yazmağa vadar edən səbəb müharibə olub. Yazmaqla o insanlara çatdırmağa çalışırdı ki, bəşəriyyət hansısa xəstəliyə yoluxub və o xəstəliyin əlamətlərini hər yerdə, hətta özündə də görürdü.
İyirmi bir nəşriyyat romanı nəşr etməkdən imtina etmişdi, səbəb romanın ilk hissəsində nüvə müharibəsi dəhşətlərindən bir neçə təsvirin qaldırılması tələbiylə bağlıydı. Qoldinq əsərdəh həmin hissələri çıxarmağa məcbur olmuşdu. Romanın işıq üzü görməsindən sonra isə bir çox ədəbiyyatşünaslar əsərə xəbərdarlıq işarəsi kimi baxıblar, alman faşist ideologiyasına bağlılığın qalması düşüncəsiylə sivilizasiya qarşısında təhlükə hiss ediblər.
️"Qoldinq "Milçəklər kralı" əsərində sözün dar mənasında götürərlərsə, belə bir suala cavab vermək istəyir: "Yüksək mədəniyətə malik olan qədim bir xalq (Alman xalqı nəzərdə tutulur) necə olub ki, başçı adlanan bir nəfərin (Hitler nəzərdə tutulur) əmriylə öldürməyə, yandırıb, dağıtmağa, hər şeyi məhv etməyə hazır olan vəhşilər qəbiləsinə çevrildi və bu hadisə illər boyu davam edirdi?" Sözün geniş mənasında isə, "Milçəklər kralı" fəlsəfi pritçasında Qoldinq immanet insan bədxahlığı fenomenini tənqid edir. Amma bu heç də o demək deyil ki, Qoldinq insanda yalnız bədxahlıq görür. O hesab edir ki, insan ikili xarakterə malik olan geniş əhatəli paradoksal bir varlıqdır, o həm qəhramandır, həm də xəstə" (Ramiz Abbaslı).
Əsərin başına nələr gəlib, necə olub, bu haqda uzun-uzadı danışmaq istəmirəm. Mənə digər əsərlərdə olduğu kimi burda da əsas romanın psixoanaliz tərəfi maraqlıdır.
Yazıçı Uilyam Qoldinqin uşaqlığı xoşbəxt keçməyib. O həddindən artıq həssas və qorxaq uşaq kimi böyüyüb. Tənhalıqdan və uzaqlaşmadan əziyyət çəkib. Yazıçının uşaqlığının psixoloji problemləri həm də intellektual cəhətdən əldən düşmüş atasının işlədiyi məktəb atmosferiylə də müəyyən qədər əlaqəlidir. Malbrov kolleci şagirdləri Qoldinqi xarici görünüşünə görə ələ salır, onu özünü "çirkli və alçaldılmış" hiss etməyə məcbur edirdilər. Onun ədəbi uğura can atması həm də "İntiqam susuzluğu"na da bağlı idi. Sonralar Nobel laureatı etiraf edirdi ki, "Düzünü desəm, qəlbimin dərinliyində malbrovçulara dərs vermək arzusu vardı".
️Uilyam Qoldinqin bioqrafiyasını yazmış Con Kerriyə görə, onun uşaqlığında köhnədən qalma hansısa "qorxunc" bir epizod qalıb və bu epizod başqaları üçün gizliymiş. Qoldinqin anası qəribə psixi pozğunluqdan əziyyət çəkirdi, belə ki, "qaranlığın düşməsiylə ana təhlükəli bir manyaka çevrilir, əlinə nə keçsə, bıçaq, güzgü qəlpələri, qaynar çaydan Uilyama tullayırdı". Bu səbəbdən yazıçı özünə nifrət edirdi və bu hissin kökləri çox dərindi.
Beləliklə, yazıçı haqqında bu məlumatları öyrəndikdən sonra şüurlatında hansı "materialların" yığılıb qalmasını təxmin etmək çətin olmadı və bu cür ruh halıyla belə bir əsər yazmasına da təəccüblənmədim.
️Nəzərə alsaq ki, XX əsrdə psixologiya sahəsində uşaq fenomeninə yeni yanaşma Z.Freydin kəşflərinə, K. Yunqun uşaq psixoloji arxetipi nəzəriyyəsinə və iki böyük müharibəyə bağlıydı, şübhəsiz ki, bütün bunlar onsuz da ağır uşaqlıq keçirmiş Uilyam Qoldinqin yaradıcılığına təsirsiz keçə bilməzdi. Ədəbiyyatda uşaqların təsvirinin yeni ənənəsini bəzi ədəbiyyatşünaslar Qoldinqin adına bağlasalar da, mənə görə, hələ XIX əsrdə F. Dostoyevskinin "Karamazov qardaşları"nda bu mövzuya İlyuşanın ətrafında cərəyan edən hadisələrdə artıq toxunulmuşdu. Əsəri oxuyanlar Dostoyevskinin bu yanaşmasını xatırlayacaqlar: "Məktəb uşaqları çox qəddar olurlar: ayrı-ayrılıqda bir mələkdirlər, amma bir yerə gəldiklərində fəlakətdirlər". Ancaq təbii ki, dünya müharibəsinin iştirakçısı, həm də o dövrün məktəblisi kimi Qoldinqin uşaq psixologiyasına daha dərin realistliklə yanaşması onun köhnə mifləri yıxıb yerlə yeksan etməsini bir daha gözümüz önünə qoyur.
️"Milçəklər kralı"nı oxuduqca əsər boyu müəllifin sanki bir deyil, bir neçə mövzuya ümumilkdə toxunması və oxucuları məsələyə hər tərəfdən baxmağa məcbur etməsi düşüncəsi hakim kəsilir. İngilis məktəblilərinin evakuasiya zamanı naməlum adaya düşməsini sanki yazıçı bir neçə mifoloji hadisəylə qarşılaşdırıb, ümümdünya daşqını, Odisseyin üzməsi, bir çox robinzonadalar və s. Nüvə silahının atılmasından sonra Adəm övladının ən yaxşı hissəsi - uşaqların xilas olması Avropa sivilizasiyasının gələcəyinin xilas olması tamamilə ənənəvi motivlərə bağlıdır. Yalnız burda gördüyümüz ironiya bundan ibarətdir: möhtəşəm, gözəl, insan ayağı dəyməmiş tropik adada ingilis uşaqları heç də R.M.Ballantinenin "Mərcan Adası", R.L. Stevensonun "Dəfinələr adası"ndakı qəhrəmanlar kimi özlərinin yaxşı cəhətlərini göstərmirlər. Əksinə, təbii başlanğıcla birləşdikdən sonra instinktlər oyanır və bu da tədricən deqradasiyayla nəticələnir. Russo konsepsiyasına söykənərək Qoldinq təbiət həyatını işıq və qaranlığın, isti və soyuğun, su və daşın daimi qarşıdurması kimi göstərir: "Onlar açılan səhərdən zövq alırdılar: parlaq günəş, ucsuz-bucaqsız dəniz və təmiz hava, – oynamaq və əylənmək vaxtıydı, həyat gözəlliklə doluydu və ümid heç lazım da deyildi, hətta unudulmuşdu <...> Nisbətən sərin olan başqa bir məqam gəlirdi ki, onu da qarşıdan gələn qaranlıq təhlükəsi korlayırdı. Günəş batan kimi adaya qaranlıq elə çökürdü, sanki, yanğınsöndürənin ağzından püskürürdü, tezliklə uzaq ulduzların altındakı daxmalara narahatlıq və qorxu dolurdu" (səh.43). Bu təbii hadisələrin əsarətinə düşmüş uşaqlar özlərini tamamilə köməksiz hiss edir, bu halda rasional düşüncə onlara özlərini müəyyən etməkdə və xaos içərisində özlərini görməkdə kömək edə bilmir. İzaholunmaz ətraf mühitin verdiyi dəhşət hissini başqaları üzərində şiddətlə kompensasiya edirlər.
️Adaya düşdükdən sonra uşaqlar öz fəaliyyətlərinə oyun kimi baxırlar. "Zamanlarını yaxşı keçirmək" üçün müxtəlif rollara girirlər. Lakin bu oyunlar Simonun qətlinə qədər qədim yəhudi və xrsitian dinlərində şeytanla eyniləşdirilmiş "Milçəklər kralı"nın hakimiyyəti altında daha canfəşanlıqla davam edir. Simonun ölümü və Piqqinin eynəyinin oğurlanmasından sarsılan Ralf oyundan imtina edir və baş verənlərdə hər birinin məsuliyyət hissini xatırladır: "Çünki hər şeydən əvvəl biz vəhşi deyilik və xilas olmaq da oyun-oyuncaq deyil" (səh.136).
Beləliklə, yazıçı hesab edir ki, insan ikili xarakterə malik olan geniş əhatəli paradoksal bir varlıqdır, o həm qəhramandır, həm də xəstə. Romanın finalında da müəllif oxucunu iki təəssürat qarşısında qoyur. Bir tərəfdən qəhrəmanlar xilas olurlar: onlar adanı hərbi kreyserlə tərk edib sivilizasiyaya qayıdırlar, digər tərəfdən "böyüklərin gəmisini kim xilas edəcək?"
Xoş mütaliələr!
️Və o dəhşətli film youtube.com/watch?v=yFF47hz...
@mumogluceylan