Spoiler var
Puan vermedi·168 syf.··
2025 69. kitabı
Xəz paltolu Madonna - Maria Puder mənim üçün hər zaman xüsusi obrazlardan biri olacaq. Öz realist baxışları ilə əsrarəngiz obrazdır. Maria həyatın çətinlikləri ilə baş-başa qalmış bir qadın olaraq güclü biri idi. Hər şeyə rəğmən, azadlıq, sərbəstlik onun üçün mühüm idi. Onun üçün "nə istədiyini bilməyən biridir" demək ziddiyyət yarada bilər, çünki onun gözləntisi əslində təmiz sevgi, səmimiyyət, güvən idi, bunu da Raifdən gördükdə və inandığında bunun dəyərini bildi, ömrünün sonuna qədər sevgisinə sadiq qaldı. Bu inamı əldə edənə qədər isə bir çox hallarda emosional olaraq sabitlik göstərmirdi, bəzən yaxın münasibət istəyib, bəzən də qaçırdı. Hər bir halda bütün şıltaqlığı, cazibədarlığı və azadlıq istəyi ilə Avropa qadınını təmsil edirdi. O bütün aşiq olan qadınların və bir qadına duyulan böyük sevginin simvolu idi. Lakin haqqında fərqli perspektivdən baxdığım tərəfi özünü süni tənhalığa düçar etməsi idi (Hər iki obraz özünü cəmiyyətdən təcrid edirdi, süni şəkildə yaratdığı tənhalığa sürükləyirdi, önünə divarlar hörürdü və əsərin sonluğundan görünür ki, ideya belə insanları tənqid etməkdir). Marianın ətrafındakı insanlar tərəfindən qəbul edilməməsi özünün bir qədər mizantrop xarakteri ilə bilavasitə əlaqəlidir. Çox insan tanıyan biri, bütün insanları ümumiləşdirərkən olduqca diqqətli olur, xüsusilə də qarşı cinsi. Onun cəmiyyətin içində olub, ordakı işığı görə bilməməsinə səbəb özüdür. İnsan hər çirkinlikdə də bir gözəllik axtarmalıdır. İnsanı yaşadan bu baxışdır. O istəsəydi, sosiallaşa, insanlarla arasında bağ qura bilərdi. Bunların hamısının səbəbi Maria üçün güclü olmaq məcburiyyətindən, həyatdan qalmaq üçün dirənişindən irəli gəlirdi. O, biraz da kompleksli biri idi. Sanki zəif görünməkdən, aldadılmaqdan qorxurdu. İstəmirdi ki, ona mərhəmət etsinlər, mərhəməti ondan güclü olmaq kimi, insan eqosunun məhsulu kimi təsvir edirdi. Bu da tam olaraq onun da zəif olmasını göstərirdi. Boşuna deyilmir ki, ən böyük zəiflik zəif görünməmək istəyindədir. Bütün bunlara baxmayaraq, Maria qəlbini açmaqda, dürüst olmaqda Raifdən qat-qat üstün idi. Hətta o Raifin sevgisinə əmin olandan sonra sadiq qalır, təslim olur eşqə (Halbuki əvvəllər emosional tərəddüdlər içində olarkən Yaxın olmaq istədiyi halda, özünü eşqə təslim etmirdi). Ona görə də Raifdən dəfələrlə güclü və cəsurdur. Raif isə daxildə sevdiyi qadına bağlı olsa da, qorxularının və özgüvənsizliyinin əsiri idi. Raif əfəndiyə qarşı kəskin tənqid mövqeyindəyəm. Zəngin daxili aləmi olsa da, natamam xarakterli obraz idi. Olduqca zəif, məsuliyyətsiz, haqqını tələb edə bilməyən bir insana cəmiyyətdə yer olmur. Nə qədər ağır olsa da, bu həqiqətdir. İnsanın ucalığı onun mübarizliyindədir. Özün üçün bir mövqe əldə etməyəcəksənsə, öz həyatını özün yox, başqaları idarə edəcəksə, yaşamağın mənası nədir? Səbahəddin Əli bu obrazı "cəmiyyətin görmədiyi, amma daxilində böyük dünya daşıyan insan" kimi təqdim etdiyini deyirdi. Əlbəttə ki, bu psixoloji məqamdır. Ümumiyyətlə, əsərdə psixoloji portretlər ustalıqla ifadə olunub. Obrazların daxili aləmi oxucuya aydın təsvir edilir. Olmamalı olduğunu düşündüyüm məsələ isə budur ki, Raif əfəndinin gündəliyi birinci şəxsin dilindən nəql olunduğu halda (belə olmalıdır), əsərin birinci hissəsinin Rasimin dilindən nəql olunmamalı, Rasim 3-cü şəxs kimi verilməli idi. Hər iki hissədə 1-ci şəxsin nəqletməsi romanı aydın olmaqdan çıxarır, bəzən psixoloji realizmin təmizliyini azaldır və oxucunu qarışıq düşüncələrə yönəldir. Raif gündəliyi son günlərində deyil, illər əvvəl yazmışdı. O qədər müddət keçsə də, yenə eyni adam idi, sadəcə vicdan əzabı artmışdı. "Dünyadan ziyade kafasının içinde yaşayan insan" olduğunun əsaslı sübutudur. Onun qızının olduğunu öyrənməsi həyatında əsaslı dəyişikliyə səbəb ola bilərdi. O öz qızına ata sevgisini verə bilərdi O isə ilahi sevgi ilə yanaşdığı Mariadan olan qızına sahib çıxmağı heç düşünmür belə. Maria və Raif hər ikisi ata sevgisi görmədən böyüyüblər. Hər ikisinin tənhalığa düşkünlüyünə, bəlkə də, bu səbəb idi. Raifin da yaxşı ata ola bilməməsinə səbəb atanın nə və necə olduğunu bilməməsi idi. Bir baxın, insan həyatında ata faktoru nə qədər önəmlidir... Raifin məsuliyyət hissindən tamamilə uzaq olması yersiz depressiyaya girərək, əlində olan hər şeyi itirməsindən bəlli olur. Bir adam əzab çəkir və israrla davam edir. Heçmi 10 ildə araşdırmaq, həqiqəti öyrənmək istəməz insan? Maria ilə ilk ayrılıqda olduğu kimi maraqlanmalı idi, sevgisinin arxasında durmalı idi. Şübhələrlə, gümanlarla qərar verilməz. Bəlkə, onda yalandan ailə qurub, elin qızını həyat yoldaşı sevgisindən, daha 2 uşağı ata sevgisindən məhrum qoymazdı. Yoldaşı və böyük qızı necə sevirdi onu... O isə hər zaman etinasız idi. Başqaları isə görmürdü onu. Nəinki evdə, iş yerində də heç kim onu adam yerinə qoymurdu. Kimsə tərəfindən anlaşılmırdı. Bunun da bir səbəbi vardı, özü anlaşılmaq istəmirdi. İçinə qapanıq, özgüvənsiz insan idi. Vaxtilə, Marianın başına bir iş gəlmə ehtimalını yox, məhz tərk edilmə ehtimalını düşünməsi də bundan irəli gəlirdi. Raif əfəndi sonda insanlara yad olmasının səbəbini başa düşür, səbəb sadəcə özü idi. Maria ilə əlaqənin kəsildiyindən sonra, özü və zəif xarakteri onu yanılsa belə, arxasınca getməyə icazə vermirdi və həyatı qəbullanıb əzablar içində həyatdan heç bir məna gözləmədən yaşamağa davam etdi. Raif əfəndini topa-tüfəngə tutsam da, yenə də gözümdə məzlum biridir. Özünün dediyi kimi, bəzən məntiq və səbəb axtarmaq lüzumsuzdur. Görünür, Tanrı ondan güclü insan təbiətini əsirgəyib. O, öldüyü günədək ömrün hər gününün nə qədər baha olduğunu dərk edə bilmədi... Sonda onu demək istəyirəm ki, real həyatdan qoparan idealizə olunmuş sevgilər təhlükəlidir... Marianın dediyi kimi, sevəndə dəlicəsinə deyil, ağlı başında sevin.
1000Kitap
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376,6bin okunma
·
61 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.