Kitabda axtarır, tapır bizim qız
Öz can yanğısını, xəyallarını.
Aleksandr Puşkin
Kitabxanaçı Ülkərin kəndə gəlişi, oradakı gənclərin, habelə yaşlıların kənd-şəhər problemləri, kənddə mədəniyyətin yüksəlişi, bu sadə insanların şəxsi həyatında kitabın yeri və təsirinin geniş şəkildə öz əksini tapdığı bir poema. Yazıldığı dövrün tələblərinə də kifayət qədər cavab verən bu əsər haqqında fikir bildirməzdən əvvəl nə yaxşı ki, şairin vəsiyyətinə rast gəldim.
Vahabzadənin 2008-ci ildə nəşr olunan on iki cildlik əsərlərinin 1-ci cildinin giriş hissəsində müəllifin öz imzasıyla yazılan yazıda belə bir qeydi var: "2001-ci ildən ilk çap olunan şeir kitabçalarımda (içərisində "Sadə adamlar" da var) gedən şeirlərimə yad gözü ilə baxdım. Etiraf edim ki, burada həm dövrün tələbi, həm də dil-üslub baxımından xeyli xətalarla üzləşdim. Əlbəttə, bunlar gənc qələm sahibinin naşılığından doğan xətalardır. Buna görə də, şeirlərin və poemaların bir qismindən tamam imtina etdim. Bir qismini isə dil baxımından bir qədər işlədim. Amma naşılıqdan və qələmin hələ bişməməsindən irəli gələn üsluba toxunmadım.
Gələcək tədqiqatçılarımdan böyük bir xahişim var:
yuxarıda adlarını çəkdiyim kitablarımdan çıxartdığım şeir və poemalarımdan müəllif olaraq mən imtina etdiyim kimi, onlar da imtina etsin və onları tədqiqatlarına cəlb etməsinlər. Əks təqdirdə, onlar mənim ruhumu incitmiş olarlar. Çünki vəsiyyət hər kəs üçün müqəddəs olmalıdır."
Bütün bunlarla yanaşı, poema əsl kitabsevərlərin ürəyindən xəbər verir. İnsanın içini isidən sadə kənd həyatı köhnə Azərbaycan filmləri təsiri bağışladı mənə. Kitabxanaçılığın məsuliyyəti, Ülkərin öz işini sevməsi və ətrafındakı insanlara da peşəsini sevdirməsi, kitablar haqqındakı tanış məlumatlar, "Ovod", "Yevgeni Onegin", "Muğan", "Başsız atlı" və bu kimi əsərlərin, ümumiyyətlə, kitabların insalarda yaratdığı müsbət dəyişikliklər, onların gündəlik həyatına müsbət təsiri zövqlə oxutdurdu kitabı.
"Namus"u gözəldir Şirvanzadənin
Sevilir oxunur bu kitab bizdə.
Ancaq, əziz bacım, zəmanəmizdə
Dəyişmiş kökündən, unutma bunu,
Namus sözünün də köhnə məzmunu. (səh.98)
"Bizim kənddə Ovod bəs hanı?" deyən
Başqasını Ovod görmək istəyən
Cemma olmalıdır ən əvvəl özü!
Sən isə hələlik, a dostum, düzü
Adi Cəmiləsən, Cemma deyilsən.
Bu boş fikirlərə gəl çox uyma sən.
Bacım, hər zamanın öz Ovodu var;
Nəfəs al zamanın öz nəfəsilə.
İtirib səsini baş-ayaq vurar
Qəlbin bir vurmasa əsrin səsiylə!" (səh. 99)
Sadə AdamlarBahtiyar Vahapzade · Azərbaycan Dövlət Nəşriyyatı · 19561 okunma