Gönderi

Daha öncə yazdığım bir postu burada paylaşıram.
10/10
·384 syf.··
2025 2. kitabı
400 səhifəni 40 saata. Çoxdandır, fiziki kitabı belə tez bitirə bilmirdim. Gah qeydlər götürə-götürə sürət azalır, gah da yüklü iş günündən sonra yuxu dərmanı rolunu oynayırdı, kitablar. Həm də audio kitablar yaşam tərzimizə daha uyğunlaşıb. Şənbə-bazar digital detox eləməsək, fiziki kitablara əlimiz çatmayacaq, ancaq səsinə səs verə biləcəyik. Yeri gəlmişkən, bu yaxınlarda Storyteldə məşhur "1984" əsərini radio teatr formatında dinlədim. Uşaq vaxtı dinlədiyim radio teatrları xatırlatdı. Çox səliqəli işlənib. Məsləhətdir. İndi isə gələk, əlimdə tutduğum Abaddon kitabına. Nə abad olmayan dünyanın halı, nə də şəkildəki don ilə əlaqəsi yoxdu Abaddonun. Kapüşonu başıma keçirib, şəkil çəkdirdim ki, post qəşəng görünsün. Kitabı oxuduqca, müəllifin azərbaycanlı olmasına inanmağı gəlmir, adamın. Ümumiyyətlə, kitab oxuduğuna inanmağın gəlmir. Elə bil, Netflixdə təzə serial çıxıb, sən də bir nəfəsə bütün bölümlərə baxırsan. İntellektual, psixoloji, detektiv janrında olan romanda hadisələr İrlandiyada baş verir. İrlandiya haqqında 10 kitab oxusaydıq, əldə edə bilməyəcəyimiz qədər eksklüziv faktlarla zəngindir: "İrlandiya yarım saatı", Avropanın əmisi sayılan VII Eduard dövrü, Qroqox, Titanik, Newgrange, Blarni qəsri, Osrayqe krallığı, Müqəddəs Patrick, 5 funtluq əskinasın üstündə Ketrin Elizabet Makoli, arxasında Entoni Rafterinin şeiri, Luzitaniya gəmisi, Məhəmməd Əlinin ulu babası Eyb Qreydi, irlandların pablarda UK ilə siyasət və məişət mövzuları, kriminal jarqonları və n qədər lokal məlumatlar qazandırdı. Bundan əlavə kitabda normal həyatda bir arada görmədiyimiz bir çox mövzular bir araya gəlib. Gələcəkdə bu postu oxuyanda xatırlamağım üçün yazıram: - İbrani dilindən "həlak edən", "yoxluq" mənasını verən Abaddon - Horun gözü - Nekrofiliya, Fransua Bertrand - Şeol - Bibliya/Əyyub 7:9,10 - Rene Maqrit "İşığın İmperiyası" - Simurq fars dilində 30 quş deməkmiş - Parapraksis - Venesiya karnavallarındakı maskalar - Çoxsimalı tanrı Brahma - Dissosiativ şəxsiyyət pozğunluğu - Persi Slec "When a Man Loves a Woman" - Və ən önəmli kitab boyu çətin anlaşılan "Səmtsizlik effekti". Əsərdə güclü simvolikadan istifadə olunub və təəssüflə əminəm ki, çoxunu qaçırmışam. Bir də iki yeni fikirlə ayrılıram, bu kitabdan: 1. Qurd qurdu sevər, çaqqalı xoşlamaz. Ancaq ətrafına çaqqalları yığar. Çünki qurd qurdun köləsi olmaz. 2. Biri əgər sevgi, mərhəmət, ümid kimi hissləri itirib, yalnız nifrət etməyi bacarırsa, elə ən birinci bu halına nifrət etməklə başlaya və beləcə sağala bilər. Həm diqqətçəkən məqamları qeyd edib, maraq yaratmaq istəyirəm, həm də spoiler verməkdən çəkindiyim üçün çox detalı yazmıram. Abaddonun bir serial olaraq, çəkilməsini çox istəyərdim. Onsuzda, incə işlənmiş detallar VR eynək kimi öz ağuşuna alır, adamı. Oxuduqca, dəfələrlə əmin oldum ki, əbəs yerə (ABŞ) Readers Favoritedən 5 ulduz fərqlənmə nişanı almayıb, #Abaddon. Təşəkkür edirəm, Rövşən müəllim! Abaddon Rövşen Abdullaoğlu
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024762 okunma
·
46 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.