Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

127 syf.
6/10 puan verdi
"Kişinin yuxarı çıxdığı pilləkən normaldır, qadının çıxmaq istədiyi pilləkənin bir pilləsi boyundan da hündür". --------------------------------------------- "Mənim üçün yazmaq ən yaxşı idmandır; əzələləri elastikləşdirir". Virciniya Vulf Nəhayət, modernizm ədəbi cərəyanının qurucularından biri, ingilis yazıçısı, zəkası və xüsusi istedadıyla fərqlənən Virciniya Vulfun "Özünə aid bir otaq" essesini (bəzilərinə görə povest) oxuyub bitirmək qismət oldu. "Özünə aid bir otaq" feminizm hərəkatının klassik əsəri olaraq qəbul edilir. Vulfun digər kitablarından daha sadə dillə, axıcı yazılıb. Müəllifin fikirlərinə görə, yazıçı olmağa hazırlaşan hər bir qadının maddi vəsaiti, həmçinin ev əhlinin və müsafirlərin gözlərindən uzaq "öz otağı" olmalıdır ki, yaradıcılığıyla rahat məşğul ola bilsin. Müəllifin düçüncələrinin labirintində səyahətə çıxarkən, onunla birlikdə adlarını çəkdiyi yazıçıların kitablarına və yazdıqları haqqında çıxardığı nəticələrlə tanış oldum. Nəyi qabartmağa çalışıb, Virciniya? Onu narahat edən əsas məsələ, sadəcə "Qadınlar arasında niyə Şekspir yoxdur" sualına cavab idimi? Bu sualın cavabı da, "Pul qazanın, özünüzə aid bir otaq, boş zaman ayırın. Və yazın, "kişilər nə deyər?" deyə, düşünmədən yazın", idimi? Vəssalam, bununla da hər şey düzəlir? Yox, Virciniya təkcə bunu demək istəmirdi. Keçmiş dövrün qadınlara yaratdığı çətinliklərin buxovundan onların çıxa bilməməsi haqqında yazdıqları həqiqətdir. Dörd il əvvəl həmtəsisçisi olduğum Qadin.Net saytında yaratdığım alt bölmələrdən biri "Qadın və təhsil"di. Orda silsilə şəklində müxtəlif elm sahələrində nailiyyət qazanmış bir çox qadının həyat və faəliyyətini əks etdirən yazıları tərcümə edib dərc etmişdim. Tərcümə zamanı rastlaşdığım məlumatlar, qadınların müraciətlərinin dəfələrlə rədd edilməsi, elmdə irəliləmələrində qarşılarına çıxan əngəllər (bir karikaturanı xatırladım, iki pilləkən yan-yanadır, kişinin yuxarı çıxdığı pilləkən normaldır, qadının çıxmaq istədiyi pilləkənin bir pilləsi boyundan da hündür), hətta onlardan bəzilərinin kəşflərinin kişilərin öz adına çıxması kimi faktlardan sarsılmışdım. Bu mənada Virciniya yazdıqlarında haqlıdır. "Bütün yüzilliklər boyu qadınlar kişini olduğundan iki qat böyük göstərən ayna rolunu oynadılar, sehrli bir ayna idi bu və möhtəşəm əksetmə gücü vardı. Belə bir güc olmasaydı, dünya hələ də bataqlıq və balta dəyməmiş meşələrdən ibarət olardı. Müharibələrdə zəfər qazanıldığı eşidilməzdi. Hələ də maral skeletləri ilə qırıq qoyun sümüklərini bir-birininə sürtər, çaxmaqdaşı verib qoyun dərisi ya da formalaşmamış zövqümüzü hansı bəsit bəzək əşyası oxşayacaqsa, onu alardıq… Çar və Sezar nə tac taxar, nə də taxtdan enərlərdi. Mədəni cəmiyyətlərdə, hansı işə yaramasından asılı olmayaraq, bütün şiddət ya da qəhrəmanlıq cəhdlərində aynalar gərəklidir. Məhz bu səbəbdən, Napaleon da, Mussolini də qadınların kişilərdən aşağı olduğunda bu qədər israr edirdilər, əgər onlar aşağıda olmasaydı, özləri böyüyə bilməzdi" (səh.61). Virciniya deyir ki, tarix qadından demək olar heç söz etməz. İntellektual azadlıq maddiyata bağlıdır. Şeir də intellektual azadlığa bağlıdır. Qadınlarsa həmişə yoxsul olublar, sadəcə iki yüz il deyil, dünya qurulandan bu yana. Ona görə də qadınlar şeir dünyasında yazan deyil, yazılan (yəni hansısa obraz) olmaqdan o tərəfə gedə bilməyiblər. "Kainatda haqqında ən çox danışılan canlı olduğunuzun fərqindəsiniz?" (səh.45) Bu yerdə Tolstoyun qadın mövzusu hər zaman yenidir sitatını və "Anna Karenina"sını xatırlamayım, nə edim? Sual: Virciniya Vulf "Özünə aid bir otaq"da yazdıqlarında təmamilə haqlıdırmı? Bu məsələyə iki tərəfdən yanaşmaq olar. 1. Əgər günümüzdə belə, qadın yazıçılarımızın "maddi ehtiyaclarım olmasa, evdə uşaqlar istəkləriylə üstümə qaçmasa, filan arzuladığım romanı qısa müddətdə yazıb bitirərəm" üsyanını oxuyuruqsa, bu baxımdan Virciniya çox haqlıdır. 2. Böyük yazıçı F. Dostoyevskinin romanlarından birində çatdırdığı belə bir fikri var: "Həyatın, ən diqqətli yazıçının belə gözündən qaça biləcək minlərlə xırda təfərrüatı var". Bu fikrin baxış bucağından boylansaq, kişilər arasında da maddi ehtiyac içində yaşamış dünyaca tanınmış məşhur yazıçılar var və onların da "özlərinə aid otağı" olmayıb. Bu zaman "Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz" prinsipiylə yanaşmaq meydana çıxır ki, bu da zəkasına heyran olduğum Virciniyanın görüşlərinə zidd gələcək. Amma, essesinin son, altıncı hissəsində Virciniya özü də deyir axı, "İstənilən halda, yazı masasına yaxınlaşıb “Ədəbiyyat və qadın” sərlövhəli yazını belə başlayardım ki, yazıçı adam üçün birtərəfli düşünmək yolverilməzdir. Düşüncə tərzinə görə sadəcə kişi və ya qadın olmaq olmaz. Qadınsayağı kişi və ya kişisayağı qadın olmaq vacibdir. Əlinə qələm alan qadın inciklik hissi ilə, müdafiə,hətta ədalət naminə olsa belə, istənilən mövzuda danışanda və ya yazanda özünün qadın cinsinə aid olduğunu dərk etdiyi halda belə, bunu biruzə verməməlidir. Bu, gəlişi gözəl sözlər deyil. Daxili azadlıqsız yazılmış istənilən mətn ölümə məhkumdur, tam səmərəsizdir. Effektli və dahiyanə, güclü və mükəmməl görünə bilən bir əsər bir və ya iki günə solacaq. Qaranlıq çökəcək, insanların qəlbində cücərməyəcək…" (səh. 174.). ‍Odur ki, əziz xanımlar, oxuyun, öyrənin, inkişaf edin, yazın, yaradın, yaşayın! Əzələləriniz elastikləşsin! Əlinizdən kitab, zehninizdən düşünmək əskik olmasın! Xoş mütaliələr! @mumogluceylan
Kendine Ait Bir Oda
Kendine Ait Bir OdaVirginia Woolf · İletişim Kitabevi · 202137,7bin okunma
·
17 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.