Gönderi

Cəfər Cabbarlı- “Sevil” əsəri
10/10
·96 syf.··
Beğendi
·
2025 17. kitabı
Bir dostumun tövsiyyəsi ilə Cəfər Cabbarlının “Sevil” pyesini oxumağa başladım. Və, çox şübhəsiz, deyə bilərəm ki, həqiqətən, ən azından, hər bir azərbaycanlı qadının oxumalı olduğu əsərdir.. “Sevil” pyesini oxuya-oxuya çox düşündüm… Hər şeydən əvvəl, Sevilin ən başda yaşadıqlarında kimdir günahkar? Yüksək cəmiyyətlərə ayaq uydurmağa çalışan Balaşın onun ən çətin anlarında yanında olan yoldaşını, onu oxutdurub bu günlərə çıxaran atasını əzib-keçməsi, çıxdığı qını bəyənməyib onu sevənlərə xəyanət eləməsi, nankorluğu idi mi təqsirkar? Yoxsa cəmiyyətin ziyalı qadınlarından sayılan Dilbərin puluna görə Balaşın ailəsini “dağıtması” mı? Yox, bu ailəni Dilbər dağıtmamışdı, bu ailəni öz nankorluğu ilə Balaş dağıtmışdı, əlindəkinin qədrini bilməmiş, öz yoldaşından utanmış, onu aşağılamış, və tərk etmişdi. Bu hekayənin təqsirkarı əsla Dilbər deyildi, xəyanəti eləyən Balaş idi. Amma ərini ilahiləşdirən, onu həddindən artıq qiymətləndirən, öz dəyərini bilməyən, hər hərəkətini Balaşın xoşuna gəlib-gəlməyəcəyi ilə ölçən Sevil də müəyyən qədər təqsirkar idi, fikrimcə. Sevil, cəmiyyətin “yaxşı qız” adlandıraraq bəzədiyi, əslində isə qurban psixologiyalı bir obraz idi. Ərinə gərəyindən çox sitayiş edir, əri Allahın kölgəsi adlandırırdı. Öz dəyərini bilmirdi, özünə dəyər vermirdi. Elə bu səbəbdən idi başına gələnlər. Lakin, xoşbəxtlikdən, Gülüş Sevili bu qurban rolundan çəkib çıxartdı. Yeri gəldi, Sevil öz dəyərini bilməyəndə onun yerinə ətrafındakıları susdurdu: * * * Balaş. Edilya, siz onu adam yerinə qoymayın, o bacarmaz. Gülüş. O, çox şeyi çoxlarından yaxşı bacarır. (Səh. 47) * * * Yeri gəldi, dili iti və sərt olsa da, Sevilə dik durmalı olduğunu, bu həyatda qurbanlara yer olmadığını, başqasından dəyər gözləmədən, öz dəyərini özünün bilməli olduğunu başa saldı: * * * Gülüş. Çalğıçılar, vals! (Sevilə) Zavallı, donub qalma, gəl, həyat döyüşdür, qoç döyüşünə qoç dayanar, gəl! Sevil. Burax, başım hərlənir! Gülüş. Hərlən, həyatın axır oyunlarında başın hərlənirkən, kimsə sənin üçün valsı saxlamaz. Sən, ayaq üstə dura bilmək üçün çox yıxılacaqsan. Sevil. Burax, dayana bilmirəm. Gülüş. Mən səni həyatın baş gicəldən oyunlarına atıram: dayana bilməzsənsə – yıxıl, yaşamaq istəyirsənsə – qalx, yoxsa tapdalanacaqsan. (Səh.50) * * * Nəticə etibarilə, Gülüş sayəsində, Sevil gec də olsa, öz dəyərini başa düşdü. Öz ayaqları üstündə durmaq üçün oxudu, onun taleyini başqa qadınlar yaşamasın deyə, “Azərbaycan qadınlığının azadlıq yolu” adlı kitab yazdı. Ona inanmayan, zəif xarakterli olduğunu düşünən Balaşa və digərlərinə öz timsalında türk qadınının da gücünü göstərdi. Son gülən Sevil oldu, bu valsı hamıdan yaxşı və həvəslə oynadı. Balaşa gəldikdə isə, Balaş Sevili ən başından zəif xarakterli qadın kimi görürdü. Ona xəyanət də eləsəm, üstünə başqa qadın da gətirsəm, “dözüb oturar”. * * * Dilbər. Balaş, son sözümdür: bu evdə səndən və məndən başqa kimsə olmamalıdır! Balaş. Dilbər, qoy Sevil bir çuval kimi bir küncdə otursun, qalsın. O, qiyamətədək səsini çıxarda bilməz, mən isə daima səninlə olaram. (Səh. 49) * * * Balaş obrazı bizə çox da yad obraz deyil, hazırda da Azərbaycanda öz yoldaşlarının dəyərini bilməyib, Sevillərin dözüb oturacağına inanıb, Dilbərlərlə könül əyləndirən Balaşlar kifayət qədər çoxdur. Hansı ki, bu Balaşlar, Dilbərlərinin bir sözünü iki eləməyə cəsarət etməzkən, öz “kişi” xarakterlərini ancaq Sevillərinə göstərmək qüdrətinə malikdirlər. Onlar üçün Sevillərin sərxoş olaraq qalması lazımdır ki, öz həyatlarının dadını çıxara bilsinlər. Ancaq, bəzən işlər istədikləri kimi getməyəndə, və Sevillərin gözü bir vasitə ilə açılanda, əsla günahı özlərində görməz, və günah yıxmağa mütləq adam taparlar. Eynilə Balaşın Gülüşü günahlandırdığı kimi… Balaş nə Sevili, nə Dilbəri itirmək istəmir. O xoş günlərində Dilbərlə könül əyləndirmək, amma pis günlərində hər daim yanında olub ona dəstək çıxacaq Sevilə də sahib olduğunu bilmək istəyir. Sonda guya “peşman olur”. Amma bu hekayənin namussuzu olduğunu əsla qəbul eləmir, axı namus qadına aiddir. O isə sadəcə həyatın amansız qara qüvvəsinin çəkib apardığı bir qurbandır… *** Sevil. Namus! Ha…ha… Nədir Namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. Lakin biz, biz bir lampalıq neft, bir parçacıq çörək, bir doyumluq quru çörək üçün birinə yanaşdıqda, bütün bayquşlar səs-səsə verib, dörd bir yandan: “fahişə, fahişə”, – deyə ulaşırlar. Halbuki sən mənim gözümün qabağında bir qadının belindən qucmuşdun, mən də əlimdə su, qarşında durub titrəyirdim, sən göz belə qırpmırdın. Bilmək istəyirdim ki, sənin adın nə olur? Ad birdir. O zaman mənim nə düşünməyə beynim, nə də deməyə dilim yox idi. İndi isə üzünə deyirəm: fahişə! (Səh.92) *** Çox təəssüflə demək istəyirəm ki, bu əsərin qələmə alınmasının (1928) üstündən, demək olar ki, bir əsr keçməsinə baxmayaraq, Sevillər və Balaşlar hələ də qalmaqda davam edir. Mentalitet adı altında örtülən bu qadın düşmənliyi, bu cəhalət hələ də dəyişməmiş, kitabın təbliğ etmək istədiyi ideya hələ də reallaşmamışdır. Hələ də namus deyəndə ağıla yalnız qadın gəlir, hələ də kişinin xəyanəti xəyanət sayılmır, hələ də “ər evin Allahıdır”. Kitabda vurğulanan feminist düşüncələr, hələ də, qınanılaraq baxılan düşüncələrdir. Millətimin bu qədər geridəqalmış olması, bu əsərin, bir əsr əvvəl yazılmış bu əsərin hələ də aktuallığını qoruması məni həm çox məyus edir, həm də inkişaf edəcəyimizə dair ümidlərimi azaldır. Amma yenə də, Sevillərin çox olduğu ölkəmdə, bizim kimi gənclərin də öhdəsinə Gülüş olmaq düşür. Lazım olsa, biz də, iti və sərt dilimizlə, Sevillərin öz dəyərinin fərqinə varması üçün çalışmalıyıq… Son olaraq, bir daha Cəfər Cabbarlıya və qələminə heyran oldum. O dövrdəki ziyalıların feminist olması, və bu qədər qadın azadlığına qiymət verməsi məni həm sevindirir, həm də müasir dövrə baxanda, bütün bu əziyyətin nəticəsiz qalması məni çox məyus edir. Bir gün bu əsərdəki mövzuların aktuallığını itirməsi diləyi ilə… SevilSevil Cafer CabbarlıCafer Cabbarlı
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020614 okunma
·
76 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.