Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

244 syf.
·
Puan vermedi
·
36 günde okudu
Virciniya Vulfun fantastik janrda olan "Orlando" romanı ilk dəfə 11 oktyabr 1928-ci ildə dərc edilib. Yarı avtobioqrafik hesab olunan roman Virciniyanın rəfiqəsi Vita Sekvil-Uestin tərcümeyi-halının motivləri üzərində qurulub. Digər romanlarına nisbətən daha asan dildə qələmə alınıb. Deyilənə görə, Vulf 1922-ci ildə yazıçı Vita Sekvill-Uestə vurulur. Bir müddət sonra onların arasında sevgi roman başlayır, təxminən 20 il boyunca davam edir. 1928-ci ildə Vulf Vitanı əsas qəhrəmanı gah kişi, gah da qadın olan "Orlando” romanında əks etdirir. Bu səbəbdən Virciniya Vulf da Oskar Uayld, Artur Rembo və başqaları kimi ədəbiyyat tarixində "rəngli" yazıçılar siyahısındadır. Virciniya Vulf romanın quruluşuyla bağlı gündəliyində yazırdı: "Vita Orlando olacaq, gənc əsilzadə; gerçəkçi, amma fantastikdir" (Vulf, 1880). Bundan başqa, romanın Oksford Universiteti nəşriyyatının dərc etdiyi kitabında Orlandonu təmsil edən fotolar Vita Sekvil-Uestin fotolarıdır. Romanın süjeti 350 illik dövrü əhatə edir. Bu cəhətinə görə bir qədər də Qabriel Qarsia Markesin "Yüz illik tənhalıq" əsərini xatırladır, ya da əksinə... Markesin ölümündən 12 il əvvəl çap etdirdiyi xatirələr toplusu - "Danışmaq üçün yaşamaq" adlı memuarında yaddaşı, ədəbi fəaliyyətində dərin izlər qoyan 24 kitabdan söz açıb ki, onlardan biri də "Orlando" əsəridir. Romanda təxminən dörd əsrlik dövrün birinci yarısını Orlando kişi, ikinci yarısını qadın kimi yaşayır. Altı hissədən ibarət fantastik əsərdə qəhrəmanın başına gələn əhvalatlar Vulfun özünəməxsus üslubuyla qələmə alınaraq bu üslubla özündən sonrakı XX əsrdə yazılmış başqa romanlara da təsir göstərib. Bununla yanaşı, romanla bağlı müxtəlif dəyərləndirmələr var. Məsələn, Desmond MakKarti romanı "qüsursuz fantaziya", Arnold Bennet "qəribə kitab", Nigel Nikolsonsa "Uzun eşq məktubu" deyə, qiymətləndiriblər. Roman tənqidçilər arasında gender məsələlərinin tədqiq edilməsində əhəmiyyətli əsər hesab olunur. Romanın gender aspekti mətnin bədii strukturunun vacib elementini təşkil edir. V. Vulf yaratdığı baş qəhrəmanının qeyri-adi xarakteri vasitəsiylə maskulinlik, feministliyin mahiyyətini tədqiq etməyə çalışıb. Bundan başqa, müəllif Orlandoda kişi cinsini qadın cinsinə dəyişməklə hər insanın özündə həm kişi, həm də qadın keyfiyyətləri daşıması mümkünlüyünə diqqət çəkib. Vulfa görə, qadınlar cəmiyyətdə ikinci dərəcəli rol oynayırdılar, tamamilə kişilərdən asılıydılar. XIX əsr filosoflarına görə, qadınların tərcümeyi-halı materialarını yalnız sevgi məsələlərində tapmaq olardı. "Love is woman’s whole existence" - "Sevgi qadının bütün varlığıdır" (Vulf 2014: 200). "She was kind to dogs, faithful to friends, generosity itself to a dozen starving poets, had a passion for poetry" - "İtlərə şəfqət göstərirdi, dostlarına sadiqdi, aclıqdan nəfəsləri qoxuyan bir çox şair üçün alicənablığın özüydü, şeirə aşiqdi" (Vulf 2014: 200). "Love is slipping off one’s petticoat and-" - "Sevmək - ətəkdən sıyrılmaqdı və..." (Vulf 2014: 200). Vulfun bu şərhləri qadınların sevgisi haqqında kişilərin düşüncəsinə istehzaydı. "Özünə aid bir otaq" essesində olduğu kimi, "qadın" və "kişi" nisbətindəki gender bərabərsizliyinin analoji mənzərəsinə burda da rast gəlirik. Vulfa görə, kişiyə aid, maskulin şeylər mədəni məkanın mərkəzindədir, üstün kimi nəzərdən keçirilir; bütün qadına aid olan femin şeylərsə bu məkanın sərhədinə sıxışdırılıb, ikinci dərəcəli kimi başa düşülür. Vulf romanda kişi-qadın dünyasını təsvir etməklə o dövrdə İngiltərədə qadın hüquqlarının sosial-siyasi mövqeyini tənqid edib. Məsələn, qadınlar mülkiyyət hüququna malik deyildilər, səsvermə, məhkəmə hüququndan məhrumdular və s. Yazıçı Vita Sekvil-Uestin nümunəsində atası öldükdən sonra qadın olduğu üçün ailə mirasından məhrum olmasına işarə etmişdi. Romanda maraqlı məqamlardan biri də İstanbul adının çəkilməsidir. Daha doğrusu, Orlandonun cinsiyyət dəyişməsi məsələsi niyə məhz İstanbulda gerçəkləşir? 1911-1914-cü illərdə Vulfun rəfiqəsi Vita Sekvil-Uest İngiltərə konsulluğundan İstanbulda bir müddət vəzifədə olması romanda əksini tapıb. Eyni zamanda, Vulfun özü də 1906-1910-cu illərdə qısa müddətlərdə İstanbulda olub, şəhərin sehri, ekzotikliyindən təsirlənib. Bunu romanda belə ifadə edib: "İstanbul haqqındakı ən görkəmli nöqtə, şəhərdəki damların Peradan (Beyoğlu səmtinin köhnə adı) quşbaşı mənzərəsidir. Səhərlər çıxan duman bütün evlərin və məscidlərin üzərini saran tül kimidir. … Və duman yavaş-yavaş çəkilib gedir, parıltılı evlərin, dairəvi xətli məscidlərin qüdrəti sağlam torpaq üzərində yüksəlir. … Bu elə bir mənzərədir ki, səhərə qədər seyr etmək mümkündür, çünki elə böyük və sadədir ki, daima maraq oyadacaq şeylərlə zəngindir. … Təbiət, sənət və cənnət havası böyük ölçüdə, bərabər şəkildə alicənab əllə yoğrulub" (Vulf 2014: 99). Belə nəticə çıxarmaq olar ki, Vulfun şəhəri bu cür heyranlıqla ifadə etməsi, bu ekzotik, mistik mənzərə romanı üçün uyğun zəmin olub, bəlkə şəhərin çağrışdırdığı azadlıq anlayışından ilhamlanıb, bəlkə də İstanbulu seçməsi Qərblə Şərq (Qərbi kişi, Şərqi qadın hesab edərək) arasında körpü rolunu oynamasında görüb. Vulf bu fantastik romanıyla yalnız qeyri-adi qəhrəmanının qəribə hekayəsini nəql etməklə kifayətlənməyib, eyni zamanda, İngiltərə tarixinin son dörd yüz il boyunca keçirdiyi dəyişiklikləri, bu dəyişikliklərin İngiltərə taleyində əks olunmasını 244 səhifəlik mətnə heyrətləndirici şəkildə ustalıqla sığışdıra bilməsini göstərib. Əsər əsasında 1992-ci ildə ekranlaşdırılmış və "Feliks" mükafatı almış eyniadlı film də çəkilib.
Orlando
OrlandoVirginia Woolf · İletişim Yayınları · 20211,584 okunma
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.