Orhan Kemal ictimai realizmin ən güclü qələmlərindən biri olaraq “ağlayaraq yazdım” dediyi Yad Qızı romanında bir qadının daxili dünyasını, cəmiyyətin təzyiqlərini və acizliyin kölgəsində yaşadığı səssiz harayları (çığlıqları) aydın şəkildə təsvir edir. Yazıçının qələmi ilə tanış olduğum ilk əsərdir.
Əsərin qısa xülasəsi:
Əsas obrazlar Məzhər, Nazan və Həcərdir. Məzhər əvvəlcə arvadı ilə anası arasında qalan, özünü çarəsiz hiss edən, daha sonra isə özünəməxsus çıxış yolları axtaran; Nazan qayınanası tərəfindən heç sevilməyən, alçaldılan, qısqanılan, sakit və səssiz bir gəlin obrazıdır. Həcər isə gəlininə həyatı zəhər edən qısqanc və manipulyativ bir qayınanadır.
Məzhər bir tərəfdən anasının qısqanclıqları ilə mübarizə aparır, digər tərəfdən isə həyat yoldaşı ilə başqa cütlüklər kimi normal bir həyat yaşamaq istəyir. Amma anası kimi bir qadın olduğu müddətdə bunun heç vaxt mümkün olmayacağını anlayır. O da öz bildiyi kimi səhvlər edir… Yenə, yenə, yenə çarəsiz qalan, alçaldılan həmişə qadın olur.
Nazan; səssizliyi, taleyinə boyun əyməsi və öz içində böyütdüyü fırtınalarla yaşadığı həyatla əslində bir çox qadının hekayəsini təmsil edir. Evlilik, cəmiyyətin gözləntiləri, qadın həmrəyliyinin çatışmazlığı və çox vaxt qadının düşməninin yenə qadın olması..
Oxuyarkən romanının gedişatını və sonunu aydın şəkildə anlamaq mümkündür. Şəxsi səbəblərdən kitabı gec bitirdim, buna baxmayaraq əsərdə baş verənlər oxucunu dəhşətə gətirir, romanın sonu formalaşdığına görə hətta yarım buraxmaqla, buraxmamaq arasında qaldım. Lakin, sona qədər oxuyub yekunlaşdırdım. Nazanın səssizliyi adamı əsəbiləşdirsə də, bəzən dərin bir ağrı buraxır. Çünki o səssizlik bir çox qadının susdurulmuş həyatını xatırladır. Nazanın yaşadıqları fərdi bir faciə kimi görünsə də, əslində cəmiyyətin ortaq günahıdır.
Bu roman sadəcə bir bədii əsər deyil; cəmiyyətin qanayan yaralarına tutulmuş bir güzgüdür. Onun realist təsviri, sətir aralarında insanın içini sızladır.