·336 syf.··Beğendi
···Okunma: 08 Şubat 2026 03:25 Bu kitab beş ay boyunca əlimdə qaldı, amma oxumağa sözün həqiqi mənasında qıymırdım, çox sevilən və yaxşı əsər olduğunu eşitmişdim ona görə gözləyirdim ki bütün işlərimi bitirib , bütün diqqətimi təkcə kitaba ayırdığım vaxt oxuyum. Oxuyandan sonra isə öz-özümə verdiyim ilk sual bu oldu: mən nə oxudum? Hələ də düşünürəm. Hansısa bir kitabın mənə bu qədər dərin təsir edəcəyini heç gözləməzdim.
Ən böyük fəxr hissi isə bu cür mükəmməl bir əsərin məhz bir azərbaycanlı qələmindən çıxmasıdır. Bu gün qürurla deyirəm ki, Rövşən Abdullaoğlu kimi yazıçımız var. Bu əsəri dəfələrlə oxuyacam . Xüsusilə sevindirici və qürurverici cəhət isə onun əsərlərinin təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də tərcümə olunaraq oxunmasıdır.
Əsərə gəlincə, demək olar ki, ən xırda detallar belə oxucuya olduqca təsirli şəkildə çatdırılıb. Elə məqamlar var ki, onları ifadə etmək üçün sözlər kifayət etmir. Mənə qaranlıq qalan məqam Şərifənin adını nəyə görə dediyi oldu, onu aydınlaşdırsam yaxşı olar. Ümumən isə hadisələrin bir-biri ilə bağlılığı çox yaxşı idi.
Əsərdə Sovet hakimiyyəti dövründə azərbaycanlıların sovet ideologiyasına necə sədaqətlə yanaşdıqları aydın şəkildə göstərilir. Xüsusilə Əhməd şah ilə Abdulla arasında olan dialoqda Abdullanın bu ideologiyanı müdafiə etməsi təsadüfi deyil. Çünki azərbaycanlı xalq tarixən sadiq xalq olub. SSRİ dövründə ermənilərə “qardaş” deyən də biz idik. Bunun əsas səbəbi isə beyinlərin yuyulması idi — adət-ənənəmiz, dilimiz, dinimiz belə nəzarət altında saxlanılırdı.
Bəs ermənilər? Onlar heç vaxt bu yalana inanmadılar. 1920–1921-ci illərdə, 1945-ci ildə ərazi iddiaları, 1975-ci ildə terror qruplaşmaları, 1988-dən başlayan gizli mitinqlər, qışın sərt günlərində azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması — bütün bunlar SSRİ dağılmamışdan əvvəl baş verib. Doğrudanmı sovet ideologiyasına bağlı bir xalq bunları edərdi?
Çoxları onların istifadə edildiyini deyir. Amma heç düşünmürsünüzmü ki, onlar bu anı səbirlə gözləyirdilər? Fürsət düşən kimi hərəkətə keçmək üçün. “Koramal” əsərində təsvir olunan hadisələr reallığa əsaslanır. Allah düşmənin belə mərdini nəsib etsin. İnsan nə qədər xarici təsirə məruz qalsa da, daxilində vicdan olmalıdır. Onların törətdiyi vəhşilikləri mənim millətim etməz. Heç birimiz ananın gözü qarşısında övladına qəsd etməz, qocaya, qadına, uşağa qarşı amansız olmaz.
Allah Vətəni uğrunda canından keçən bütün Şəhidlərə rəhmət eləsin, Ailələrinə isə səbr versin.