Çərpələng Uçuran
10/10
·433 syf.··
Beğendi
·
2026 3. kitabı
·
3 günde okudu
·
Okunma: 21 Şubat 2026 16:33
Çərpələng Uçuranı oxuyub bitirdikdən sonra ilk düşündüyüm şey bu oldu ki, necə dəhşətli, necə ağrılı bir əsərdir. Kitab boyunca o qədər müxtəlif emosiyalar yaşadım ki, sanki hadisələrin içində idim. Elə bir axıcılığı var ki, insan kitabı əlindən qoymaq istəmir; hadisələr səni aparır və sən sadəcə ardınca gedirsən. Əvvəlcə hər şey çox gözəl görünür.Həsənlə Əmirin dostluğu, uşaqlıq saflığı. Amma Əmirin Həsənə qarşı ara-sıra hiss etdiyi paxıllıq diqqət çəkir. Əslində onu da müəyyən qədər anlamaq olur. Atasından kifayət qədər sevgi və diqqət görməyən bir uşağın o sevgini bölüşmək istəməməsi başa düşülən haldı. Onun daxilindəki boşluq, təsdiq olunmaq ehtiyacı bir çox qərarlarının kökündə dayanır. Əsərdə ən güclü məqamlardan biri Babanın “ən böyük günah oğurluqdur” deməsi, amma öz oğlundan həqiqəti oğurlaması idi. O, həqiqəti gizlədərək əslində iki oğlunun da həyatından nəyisə oğurlamış olur. Bir tərəfdən etdiyi günahın yükünü min cür yaxşılıqla kompensasiya etməyə çalışır, digər tərəfdən isə içindəki ədalət duyğusu ilə Həsənə verə bilmədiyi sevgini Əmirdən də əsirgəyir. Həsənin xarakteri isə tamam başqa səviyyədədir. Onun Əmirə qarşı heç vaxt kin saxlamaması, paxıllıq etməməsi, hər vəziyyətdə onu qoruması heyrətləndiricidir. Başına gələn o ağır hadisədən sonra belə, Əmirin xəyanətinə baxmayaraq sevgisini itirməməsi insanı sarsıdır. Hekayənin gedişatı təəccüb üzərinə təəccüb qatır. Hadisələr dərinləşdikcə əsər daha da ağırlaşır. Ən dözülməz səhnələr isə Söhrabın yaşadıqları idi. Oxuyarkən insan düşünür ki, buna bənzər reallıqlar həyatda da yaşanır və bu fikir adamın qanını dondurur. Əmirin keçmişdə Həsənə etmədiyi köməyin əvəzində,illər sonra Həsənin oğlu Söhrabın onu xilas etməsi əslində Əmirə böyük bir dərs verir. Əsərdə diqqət yetiriləcək, vurğulanacaq çox möhtəşəm məqam var. Günah, vicdan, bağışlanma, ata-oğul münasibətləri və dostluğun sınanması kimi anlayışlar çox güclü şəkildə işlənib. Nəticədə isə Əmirin düzgün qərara gəlməsi, nəhayət məsuliyyət götürməsi əsərin ən ümidverici tərəfi idi. Çərpələng Uçuran Khaled Hosseini
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,3bin okunma
7 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.