Gönderi

Çox sevimli Jannam, bu gün Yeni il bayramıdır...
10/10
·304 syf.··
Beğendi
·
2026 25. kitabı
·
5 günde okudu
·
Okunma: 19 Şubat 2026 22:51
Bir tərəfdə ölümlər, bir tərəfdə insanların daxili mübarizəsi... Ayrılıq, həsrət, sevgi, tənhalıq, ümid, mənəvi borc, xoşbəxtlik, qorxu, arzular... Bütün bunların fonunda Oran şəhəri. Dəniz kənarında, günəşli, sıradan, öz gündəlik qayğıları ilə məşğul olan bir şəhər. Bir gün şəhərin siçovulları üzə çıxmağa və bir-bir ölməyə başlayır. Tez bir zamanda siçovulların ölümü kütləvi hal alır və hər gün küçələrdən minlərlə siçovul cəsədi toplanır. Beləliklə, şəhərin bütün siçovulları ölüb bitir. Oran şəhəri bir həqiqətlə üz-üzə qalır. Bəla həmişə əvvəl xəbərdarlıq edir, sadəcə biz onu ciddiyə almırıq. Bir müddət sonra isə insanlar arasında taun xəstəliyi yayılmağa başlayır. Beləliklə taun bütün şəhəri cənginə keçirir. Şəhər karantinə alınır. Qapılar kilidlənir. Qatarların, gəmilərin hərəkəti dayanır. Hər şey də buradan başlayır. Şəhər qəfildən tam təcrid olunduğundan bir çoxları şəhərdən kənarda olan yaxınlarından ayrı düşür. Həmçinin şəhərə gələn qonaqlar da şəhərdən çıxa bilməyib orada qalırlar. İnsanlar karantin vaxtı bütün günü vaxtı keçirmək üçün məşğuliyyətlər tapmağa çalışırlar. Gəzirlər, kinoya gedirlər, kafelərdə vaxt öldürürlər və s. Əlbəttə ki, hər kəs özünü əl-qolu bağlı, azadlıqdan məhrum edilmiş hiss etdiyindən sıxılır. Hər kəs öz daxili savaşı ilə üzləşir. İnsanlar getdikcə ümidsizləşirlər. Kimisi qaçmaq istəyir, kimisi sadəcə sağ qalmaq, kimisi sevdiyinə qovuşmaq. Epidemiyanın bir tərəfi də o oldu ki, insanlar düşünməyə başladılar. Yaşanan hadisələr onların içlərindəki insanlığı və hisslərini oyatmağında yaxşı mənada təsir göstərdi. Həkim Bernar Ryö: Ryö qəhrəman olmaq istəmir. O, Tanrı haqqında böyük nəzəriyyələr qurmaq istəmir. O sadəcə deyir: xəstəni sağaltmaq lazımdır. O, xəstələrə sağlamlıq bəxş etmək üçün özünü fəda edir. Bu onun vəzifəsi idi. Ryönün öz vəzifəsinə göstərdiyi sədaqət əsl örnəkdir. İnsanların onun gözünün qabağında can verməsi həkimə ağır təsir bağışlayırdı. Hər gün çoxlu ölümlərlə rastlaşdıqca o anlayırdı ki, bütün bu sarsıntılar, kədər qalaqlanıb onun ürəyinə dağ basacaq və o buna çox davam gətirməyəcək. Buna görə də o, ürəyini daşlaşdırırdı. Bütün bu ağrıların ona əzab verməsinə imkan vermirdi. Ryö sınmırdı, sona qədər öz möhkəmliyini saxladı. Həyat yoldaşı da başqa bir xəstəlikdən əziyyət çəkirdi və vəziyyəti yaxşı olmadığından müalicə almaq üçün şəhəri tərk etmişdi. Karantin elan olunandan sonra isə onlar bir-birlərini görə bilmirdilər. Madam Ryönün vəziyyəti getdikcə pisləşirdi, amma ərinə yazdığı hər məktubda yaxşı olduğunu, narahat olmamasını bildirirdi. Jan Taru: Əsərdə dərin fəlsəfi fikirləri seçilən obraz isə Jan Taru idi. Tarunun atası vəkil idi, məhkəmədə atasının cinayətkarlara ölüm hökmü tələb etməsini və onların edamını görəndən sonra onun həyata baxışı dəyişmişdi. Taru fikirləşirdi ki, biz insanların ölümünə səbəb oluruq. Kiminsə ona görə ölməsini qəbul edə bilməzdi. Kiminsə ölümündə onun payı olmamalı idi. O tezliklə ailəsindən ayrılıb tək yaşamağa başlayır, atası rəhmətə gedəndən sonra isə anasını yanına alır. Taru Allaha inanmırdı, amma onun məqsədi müqəddəs olmaq idi. Taru müqəddəsliyi insanlara zərər verməmək, əksinə insanlar üçün nələrsə etməkdə görürdü. Raymond Ramber: Raymond Ramber isə karantin zamanı şəhərdə qalıb çıxa bilməmiş bir jurnalistdir. Parisdə yaşayan sevgilisinin həsrətini çəkir və şəhərdən çıxmağa ümidi üzüldükdən sonra şəhərdən qaçmağa çalışır. Şəxsi xoşbəxtliyini üstün tutub çabalasa da, nəhayət, şəhərdən qaçmaq fürsətini yaxaladığında fikrindən daşınır. Çünki, o düşünür ki, şəhərdə qaldığı müddətdə tanıdığı insanlar orada taunla mübarizə apardığı vaxt o, qıraqda xoşbəxt ola bilməyəcək və bu fikirlər ona ömrü boyu xəcalət yaşadacaq. Ramber vicdanının səsini dinləyir və çətin bir seçim edir. Beləcə, o, sonadək şəhərdə qalıb mübarizədə iştirak etmək qərarını verir. Keşiş Panelu, Müstəntiq Oton, Kottar: Keşiş Panelu isə baş verən bəlanı Tanrının cəzası kimi anladaraq insanlara kilsədə moizələr oxuyur. Amma bir gün xəstəxanada müstəntiq Otonun oğlu Jakın ölümlə çarpışmasını izləyəndən sonra imanı sarsılır. O, insanların başına gələn bəlaları onların işlətdiyi günahların ilahi cəzası olaraq səciyyələndirirdi, bəs bu günahsız uşağa Tanrı niyə bu qədər əzab verdi? Onun dünyaya baxışı dəyişir və moizələrində də bunları anlatmağa başlayır. Sonra o, kilsədən bir qarının evinə köçür. Bir gün xəstələnir, amma həkimə müraciət etmir, özünü Tanrının ixtiyarına buraxır. Oton isə sərt bir adam idi, oğlu tauna yoluxandan sonra karantinə alındı. Həmin vaxtda özü ilə üz-üzə qalır və tamamilə dəyişir. Digər bir obraz Kottar isə cinayət törədib və hər an polislərin onu həbs edəcəyi qorxusu ilə yaşayır. Bir dəfə intihara da cəhd edir, amma qonşusu Jozef Qran özünü çatdırır, onu xilas edir. Epidemiya dövründə isə bütün diqqət taunla mübarizəyə yönəldiyindən o rahatdı. Qorxu onu təqib etmir. Xəstəlik nə qədər ki, tüğyan edir o, özünü xoşbəxt hiss edir. Jozef Qran: Ən çox təsirləndiyim obraz Jozef Qran oldu. Qran bələdiyyədə işləyən kasıb bir məmurdur. İllər əvvəl Janna adlı bir qızla evlənmiş, amma yoxsulluq, Qranın ağır, əməkhaqqısı aşağı olan işi onların sevgisini tədricən zəiflədir və sonda Janna onu tərk edib gedir. Qran həmişə fikirlərini ifadə etməkdə çətinlik çəkir, düşüncəsini və hisslərini anlatmaq üçün kəlmələri tapmaqda əziyyət çəkir. Onun əsas məqsədi işdən sonra axşamlar üzərində işlədiyi əsərdir. O ən mükəmməl əsəri yaratmaq istəyir, istəyir ki, əsəri oxuyanda hamı mükəmməlliyə heyran olub ona təzim etsin. Əsərdə təsvir etdiyi isə əslində, xəyalındakı Jannadır. Onu ən ideal formada təsvir etməyə çalışır. İllərlə əsərin üzərində işləyir, hər dəfə kəlmələri dəyişir ki, daha uyğun kəlmə işlətsin. Yeni il günü dostları Ryö və Taru onu evində tapmır. Axtarırlar və gecənin bir vaxtı bir mağazanın vitrininə tərəf baxaraq ağladığını görürlər. Bura onun Jannaya evlilik təklifi etdiyi yer idi. O sanki Jannanın səsini eşidirdi, ömür boyu onu sonsuz məhəbbətlə sevmişdi. Jannaya məktub yazmaq istəyirdi. Qran həmin gecə taun xəstəliyinə yoluxur. Xəstə olarkən o yanında olan Ryö və Taruya yazdığı əsəri göstərir. Ryö əsəri vərəqləyib baxır. Əsərin son cümləsində belə yazılmışdı: "Çox sevimli Jannam, bu gün Yeni il bayramıdır..." Sonra Qran tələb edir ki, əsəri ocağa atıb yandırsınlar və Ryö onun əlyazmasını yandırır. Albert Camus Taun
1000Kitap
TaunAlbert Camus · Qanun Nəşriyyatı · 201624,5bin okunma
·
1 +1'leme
·
82 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.