Əsərin mərkəzində Patris Merso dayanır. Merso xoşbəxtliyi şüurlu şəkildə qurmaq istəyən bir insandır. İlk olaraq Marta ilə münasibətinə baxaq. Merso Martaya sahib olduğu üçün özünü xoşbəxt hesab edirdi, amma zaman keçdikcə anlayır ki, bu sevgi deyil. Bu, qalib gəlmək hissidir və o, qalib gəlməkdən zövq alır. Merso gözəl bir qadının yanında olmağın verdiyi üstünlük duyğusundan həzz alır. Eqosunu təmin etmək tələbatı onu aldadır. Lakin daha sonrakı mərhələdə fərqinə varır ki, Marta həmişə ona qarşı yaxşı münasibət bəsləyib, onu olduğu kimi qəbul edib. Marta onu tənhalıqdan azad etmişdi. Merso isə münasibətin içində olsa da, mənəvi olaraq kənarda dayanmışdı.
Mersonun Zaqrey ilə dialoqları əsərin fəlsəfi nüvəsini təşkil edir. Zaqreyin söhbətləri Mersoya öyrədir ki, səhərdən axşama qədər çörək pulu üçün işləməklə ömür sürən insan yaşamır, sadəcə bir alətə çevrilir. Ömür boyu pul qazanmaq üçün çalışırıq ki, sonra həmin pulla itirilmiş vaxtı və xoşbəxtliyi geri ala bilək. Lakin pulu topladıqdan sonra xoşbəxt olmağa nə vaxtımız, nə də taqətimiz qalır. Həyatda insanı darıxdıran və onu xoşbəxtlikdən uzaq saxlayan ən böyük çətinlik kasıblıqdır. Zaqreyin fikrincə, əgər pula sahib deyilsənsə, onu əldə etmək üçün hər hansı bir yol tapmaq lazımdır ki, ömrünün dəyərli anlarını xoşbəxt keçirə biləsən. Çünki insanın ən böyük sərvəti onun ömrüdür.
Merso səyahət edir, şəhərlər dəyişir, amma daxili sıxıntısı dəyişmir. Bütün bu dəyişikliklər onun içindəki boşluğu doldurmur. Daim sıxılır, tənhalıqdan əziyyət çəkir. Nəhayət, rahatlığı “Dünyanın gözü qarşısındakı Ev”də tapır. Burada özünü xoşbəxt və hüzur dolu hiss edir. O, bu evdə həyatın mənasını axtarmır, sadəcə həyatla eyni ritmdə nəfəs alır. Ona elə gəlirdi ki, varlığının dərinliklərində tanrıya bənzər bir heyvan yavaşca tərpənir və nəfəs alır; o isə həmin nəfəsin içində, adsız bir boşluğa doğru süzülür. “Dünyanın gözü qarşısındakı Ev”də Mersonun gördüyü yeganə iş mövcud olmaqdır. Halbuki müasir insanların çoxu mövcud olmağın nə demək olduğunu tam mənası ilə qavramır; onların mövcudluq anlayışı kasaddır. Heç nə etməmək, oturub dənizə baxmaq, günəşdən və təbiətdən həzz almaq, istəyəndə dənizdə çimmək, sonra evə qayıdıb rahat yatmaq - bütün bunlar Merso üçün sakitlik və komfort deməkdir.
Bir tərəfdən də o özü də yaxşı anlayırdı ki, verdiyi qərarlarla yaşadığı həyat bir-birinə uyğun gəlmir. Xoşbəxt olmağın nə demək olduğunu anlamaq üçün qatil olmuşdu. Bəs, həqiqətən, xoşbəxt idimi? Onun əvvəlki sevgilisi Marta da, sonrakı sevgilisi və həyat yoldaşı Lüsyena da onun bədbəxt olduğunu düşünürdü. Merso isə hesab edirdi ki, artıq dəfələrlə hər şeyi yenidən başlamağa, həyatını dərk etməyə cəhd edib. Artıq nə olmaq istədiyini və eləcə də nə olmamaq istədiyini anlayıb.
Albert CamusXoşbəxt Ölüm