Əsərin əvvəlində Harriyə kənardan baxmağa başlayırıq. Onun kirayə qaldığı evdə yaşayan, onu müşahidə edən adamın dili ilə yazılmış hissə bizdə Harri haqqında ilkin təsəvvür formalaşdırır. Harri başqalarının gözündə qəribə, ağır, cəmiyyətə tam qarışa bilməyən, bir az qapalı və yorğun biri kimi görünür. Sonra Harrinin dilindən olan hissə başlayır və biz dünyaya onun gözü ilə baxırıq. Onun iç dünyasına girdikcə tənhalığını, öz daxilində insanla yalquzaq arasında necə gedib-gəldiyini daha aydın görürük. O, nə insanlara tam qarışa bilir, nə də öz içindəki o sərt, vəhşi yalquzaq tərəfindən xilas ola bilir. Onun dünyası getdikcə mənasızlaşmış bir dünyadır. İnsanların içində boğulmasının, sonra təkliyə qapanmasının, mənəvi cəhətdən yorğun və bitik olmasının şahidi oluruq. O artıq həyatla bağını zəiflətmiş bir adamdır. Yaşayır, amma əslində yaşamır. Nəfəs alır, amma sanki içində həyatın özü çoxdan sönməyə başlayıb. Harri artıq bitmiş vəziyyətdə idi və hər gün intihara bir addım da yaxınlaşırdı. Hər halda özü üçün qərarlaşdırmışdı ki, maksimum iki il də yaşayıb intihar edəcək. Bu hissə çox ağır təsir bağışlayır. Çünki burada söhbət ötəri bir ümidsizlikdən getmir. Harri ölümü bir çıxış yolu kimi yox, artıq daxilində yerləşdirdiyi son qərar kimi daşıyır. Həyat isə həmişə olduğu kimi axır, öz ritmində davam edir. Küçələr doludur, insanlar yaşayır, zaman keçir, dünya öz işindədir. Özünü Yalquzaq adlandıran Harri isə bütün bunlardan kənarda qalıb. Özü də qəbul edib ki, bu həyatda onun payı yoxdur.
Bir gün gecə gəzərkən bir nəfər ona kitab verir. Həmin kitabda Yalquzaq haqqında traktat yazılıb. O kitab əslində Harrinin şəxsiyyətini açıqlayır və izah edir. Əsərin ən güclü düşüncə qatlarından biri də elə budur. Harri özünü iki hissəyə bölürdü: İnsan və yalquzaq. Amma traktat göstərir ki, insan əslində bu qədər sadə deyil. İnsan ikidən də artıq, yüzlərlə, minlərlə qəlbi öz qəlbində yaşadır. Biz tək bir xarakterdən ibarət deyilik. Həyatımızda baş verən hansısa hadisə, ya da tanıdığımız hansısa yeni insan bizdə olan o saysız təbiətlərdən birini oyada, hətta bizə yeni bir tərəf də əlavə edə bilər. İnsan daim bölünən, dəyişən, çoxalan bir varlıqdır. Bunu Harrinin bir gecə kafedə tanış olduğu Hermine obrazının təsirində aydın görürük. Hermine Harrinin həyatına böyük təsir göstərir. Onu ümidsiz və acı tənhalığından qoparıb yenidən həyata qaytarır. Harriyə rəqs etməyi, insanlarla olmağı, zövq almağı, həyatın keyfini çıxarmağı öyrədir. Daha doğrusu, ona çoxdan unutduğu bir şeyi xatırladır: Həyatın ritmi də var, yüngüllüyü də var, ani sevincləri də var. Harrinin necə dəyişdiyini, içində donmuş hansı hissələrin yavaş-yavaş oyandığını Hermine ilə qatıldığı balda, maskarad gecəsində daha aydın görürük. Orada artıq əvvəlki Harri ilə eyni adamı görmürük. Sanki içindəki daşlaşmış tərəflər ilk dəfə bir az yumşalmağa başlayır.
Əsərdə diqqət çəkən başqa bir məqam da Harrinin siyasi məsələlərə göstərdiyi mövqedir. Onun siyasətçilərə sərt mövqeyi, müharibəyə qarşı ciddi etirazları əsərdə öz əksini tapır. Harri burada yaşadığı dünyanın riyakarlığını, qəddarlığını, korluğunu görən adamdır. Amma cəmiyyət onu bu barədə başa düşmür. Əksinə, onun haqqında alçaldıcı məqalələr yazılır, qəzetlərdə çap olunur.
Digər toxunulmalı məqam isə Pablo obrazıdır. O, zahirdə sadəcə bir musiqiçidir. Amma Pablo əsərdə sadə görünən böyük bir həqiqəti təmsil edir. Harri ilə söhbətində onun həyat fəlsəfəsi ilə tanış oluruq. Haydını, Baxı tanımaq, onlar haqqında ağıllı mülahizələr söyləmək gözəldir, amma bu, hələ insanlara həyat vermir. Bəzən bir musiqi parçası, bir ritm, bir çılğın an insanın qanına işləyir və onu bir anlıq da olsa öz ağrısından çıxarır. Pablo bunu anlayır. O bilir ki, həyatı yalnız təhlil etməklə yaşamaq olmur. Bəzən onu hiss etmək, içinə girmək, axınına qarışmaq lazımdır. Harri düşüncənin adamıdır, Pablo isə yaşamağın.
Əsərdə olan detallar çoxdur, hamısına tək-tək toxunmuram. Birbaşa gələk Sehrli teatr yerinə. Məncə, Sehrli teatr əsərin ürəyidir. Hətta demək olar ki, əsərin bütün ağırlığı, bütün sirri, bütün daxili partlayışı gəlib orada cəmlənir. Harri əvvəllər də gecələr özü üçün küçələrdə dolaşarkən divardakı yazını bir neçə dəfə görmüşdü:
"Anarxist gecə attraksionu! Sehrli teatr! Giriş hamı üçün deyil! Yalnız dəlilər üçün! Giriş haqqı ağıldır! Hamı üçün deyil!"
Bu yazının özü belə çox şey deyir. Ora hər adamın girə biləcəyi bir yer deyil. Ora insanın öz içində gizlətdiyi tərəflərlə qarşılaşdığı yerdir. Əsərin sonunda Pablo Harri və Hermineni həmin Sehrli teatra gətirir. Artıq hiss olunur ki, nə baş verəcəksə, hamısı orada baş verəcək. Buradan sonra hadisələr adi reallığın içində yox, Harrinin şüurunun qırılmış güzgüsündə əks olunan bir dünya kimi görünməyə başlayır. Harri burada öz içinin içərisinə düşür. Öz parçaları ilə, gizli tərəfləri ilə, qorxuları və arzuları ilə üz-üzə qalır. Sehrli teatrda Harri tək bir "mən"dən ibarət olmadığını təcrübə kimi yaşayır. Teatrın içində qarşısına çıxan müxtəlif qapılar onun parçalanmış mənliyinin ayrı-ayrı imkanlarına açılır. Hər qapının arxasında Harrinin içindən doğan başqa bir dünya, başqa bir ehtimal, başqa bir meyl dayanır. O, bu qapılardan keçdikcə müxtəlif səhnələr görməklə yanaşı, öz içində daşıdığı fərqli fiqurlarla, arzularla, qorxularla və basdırılmış tərəflərlə qarşılaşır. Oradakı qapılarda lövhələr teatrın əyləncə və oyun maskası altında əslində şəxsiyyətin qurulması, parçalanması və yenidən düzülməsi ilə məşğul olduğunu göstərir. Lövhələrin üstündə "İstədiyin heyvana və bitkiyə çevrilə bilərsən"; "Hind məhəbbət sənətinin tədrisi. Yeni başlayanlar üçün kurs. Məhəbbət sənətinin 42 müxtəlif növü"; "Ləzzət dolu intihar. Qarnın cırılana kimi güləcəksən"; "Ruha çevrilmək istəyirsən? Şərq müdrikliyi"; "Şəxsiyyət yaratmaq dərsi. Müvəffəqiyyətinə bəri başdan zəmanət verilir"; "Ah, kaş min dənə dilim olaydı. Yalnız kişilər üçün"; "Gülən göz yaşları. Yumor kabineti"; "Guşənişinlik oyunları. Hər cür ünsiyyətə dəyər"; "Sənətkarlıq mücəssəməsi. Musiqinin köməyilə zamanın məkan çevrilməsi"; "Avropanın qürubu. Qiyməti ucuzlaşdırılıb, Seyrəklikdir"; "Adamı məhəbbətlə necə öldürürlər"; "Yalquzaq təliminin möcüzəsi"; "Bütün qızlar sənindir" və son girdiyi qapının lövhəsində isə "Harrinin edamı" yazılıb. Bu qapılar Harrinin daxilindəki müxtəlif meyllərin, komplekslərin və imkanların simvolik qapıları kimidir. Yəni Harri burada vahid bir xarakter kimi yox, içində çoxlu rollar, çoxlu ehtimallar daşıyan bir varlıq kimi açılır. Harri bu qapılardan keçdikcə artıq adi mənada hadisə yaşamırdı. O, öz daxilinin müxtəlif ehtimallarını sanki ayrıca həyatlar kimi təcrübə edirdi. Varlığının, həyatının yüzdən, mindən bir hissəsini təzədən canlandırıb yaşayır və "mən"inin qalan hissələri də araya girmir, heç bir mütəfəkkir mane olmur, Yalquzaq onu incitmir. Hər qapı onun içində gizlənən başqa bir tərəfi oyadır, başqa bir hissi azad buraxırdı. Bir yerdə şəhvət, bir yerdə gülüş, bir yerdə zorakılıq, bir yerdə incəlik, bir yerdə tənha düşüncə, başqa bir yerdə isə oyun və maska önə çıxırdı. Sehrli teatrda Harri ilk dəfə anlayır ki, insanın içindəki ziddiyyətlər sadəcə dözüləsi bir yük deyil, ayrı-ayrı səhnələr, ayrı-ayrı imkanlar, hətta ayrı-ayrı talelər yaradan gücdür. Bu təcrübə Harrini həm sarsıdır, həm də ayıldır. Çünki o vaxta qədər özünü "insan" və "yalquzaq" kimi iki yerə bölən Harri burada görür ki, onun içindəki dünya bundan qat-qat mürəkkəbdir. O, içində saysız rol, saysız instinkt, saysız ehtimal daşıyan parçalanmış bir çoxluqdur. Sehrli teatr ona bunu nəzəri fikir kimi yox, hiss edilən, yaşanan, demək olar ki, əllə toxunulan bir həqiqət kimi göstərir. Orada baş verənlərin təsiri ona görə güclüdür ki, Harri öz içindəki tərəflərin içinə girir, ritmini yaşayır, nəfəsini duyur. Daha əvvəldə dediyim, Yalquzaq haqqında traktatda da belə bir hissə keçirdi: "Ola bilsin ki, günlərin bir günü bu son imkan Harriyə qismət oldu. Ola bilsin ki, günlərin bir günü o, özünü tapdı: ya bizim balaca güzgülərdən biri əlinə keçdi, ya Ölməzlərə rast gəldi, ya da bizim sehrli teatrlardan hansındasa viranə qəlbini xilas edəcək şeyi tapdı..." Hələ Harrini Sehrli teatra aparmamışdan qabaq Pablo ona belə bir atalar sözü demişdi: "Divarda iki güzgüyə baxmaqdansa, əlindəki balaca güzgüyə baxmaq yaxşıdır." Əvvəlcə bu atalar sözünü başa düşməmişdim. Sehrli teatrda baş verənlərlə bağlı düşünəndən sonra mənə həmin atalar sözündə nə demək istədiyi aydın oldu. Sehrli teatrda şahmatçının açdığı həqiqət budur ki, insan bir yığın qəlbdən, çoxlu "mən"lərdən ibarətdir. Şəxsiyyətin zahiri vahidliyinin bu cür müxtəlif fiqurlara parçalamaq səfehlik hesab olunur və elm də buna şizofreniya kimi ad qoyub. Elm bir tərəfdən haqlıdır, çünki ümumi rəhbərlik, necə deyərlər, nizamlama, qruplaşdırma olmasa, çoxluğun ağzını bir yerə yığmaq heç cür mümkün deyil. Eyni zamanda da haqsızdır, ona görə ki, bu cür saysız-hesabsız "mən"lərin altında gizlənən mənaları bircə dəfə ömürlük nizamlamağın bəs edəcəyinə inanır. Elmin bu səhvi bəzi pis nəticələrə gətirib çıxarır. Həmin səhvin nəticəsidir ki, əlacsız dəlilərin çoxu "normal", hətta ictimai həyat üçün dəyərli adam hesab olunur, bəzi dahilərə də, əksinə, hamı dəli kimi baxır. Öz həyatınızı istədiyiniz kimi qura bilərsiniz və bu öz əlinizdədir. Öz "mən"inin parçalandığını görənlər başa düşməlidir ki, həmin parçaları müxtəlif düzümdə yenidən birləşdirmək olar və ona görə də həyat adlı oyunda hamı istədiyi şəkildə, istədiyi qədər iştirak edə bilər. Yazıçı bir yığın fiqurdan dram əsərini necə yaradırsa, biz də öz "mən"imizin parçalandığı fiqurlardan yeni-yeni qruplar yarada bilərək. Bunun adı "Yaratmaq sənəti"dir.
Hermann HesseYalquzaq