Öldün, o zamandan keçdi dörd yüz il,
Yanır qəlbimizdə sənət çırağın.
Dörd min il keçsə də saralan deyil,
Sənin söz gülşənin, sənin söz bağın.
Əsrlər ötsə də, o vaxtdan sənin
Hər dərdin, hər qəmin bizə tanışdır.
Qəlbindən od alan sətirlərinin
İstisi hələ də soyumamışdır.
Səni yaşadan da söz hünərindir,
Nəğmələr yarandı ahü-zarından.
Kədərin böyükdür, eşqin dərindir,
Doğuldun vətənin yaralarından.
Eşqin bir ümmandır, arzun bir aləm,
Nə var ki, yazmağa beş-on qəm olsa;
Yazıb dərdlərini qurtara bilməm
Mənim hər kirpiyim bir qələm olsa.
Ömrünü ahlarla vermədin bada,
Arzu dəryasında bir yelkən oldun.
Zaman özgəsini yandıranda da
Alışan o oldu, yanan sən oldun.
Ağladın, yayıldı səsin hər yana,
Bülbül bağçalarda ötdü - dedilər.
Gələndə Məhəmməd gəldin cahana,
Gedəndə: "Füzuli getdi" - dedilər.