Gönderi

Puan vermedi·273 syf.··
2026 1. kitabı
Bahar Bəxtiyarqızı - ‘Əslində mən kiməm?’ Hər kəsə salam. Bu gün sizə 2025-ci ildə, demək olar heç kim oxumamışdan öncə oxuduğum, amma o gündən bəri vaxt tapıb təhlilini paylaşa bilmədiyim bir kitab haqqında danışacam. Niyə bu qədər vaxt apardı? Çünki kitab haqqında o qədər çox fikrim var idi ki, onları yığıb-yığışdırıb, normal bir mətn halına gətirmək həqiqətən çətin idi. Bəlkə də, bu günə qədər yazdığım ən uzun təhlillə qarşınızdayam. Əgər vaxtınız varsa, kitab haqqındakı düşüncələrimi səbirlə oxuyun. Oxumağa başlamazdan öncə onu da nəzərə alın ki, mən indiyə qədər heç bir kitab haqqında bu qədər geniş danışmamışam. Oxuyan və oxumayan hər kəsə təşəkkür edirəm, yazıçıya isə belə bir əsər ortaya qoyduğu üçün minnətdaram. Uğurlarınız bol olsun Bahar Bəxtiyarqızı Kitabın mövzusu haqqında çox qısaca deyim - Rüstəm adlı bir bəyin keçmişdə yaşadığı bir hadisənin necə ağır bir travmaya çevrilməsi və onun bu gününə, gələcəyinə necə təsir etməsindən bəhs olunur. Yazıçının məkanları və obrazları canlandırmaq qabiliyyətinə söz ola bilməz. Məkandakı hər şeyi - əşyalardan tutmuş, havanın temperaturuna qədər hər bir xırdalığı elə təbii təsvir edib ki, oxucu istər-istəməz özünü kitabın içində, həmin məkanda hiss edir. Bu da onun nə qədər güclü söz bazası olduğunu göstərir. Oxuduqca hər şey gözümün qabağında elə canlanırdı ki, sanki kitab oxumurdum, oturub bir filmə baxırdım. Obrazların həyatı və yaşadıqları o qədər təsirlidir ki, onların xoşbəxtliyi üzümdə təbəssüm yaradır, bədbəxtlikləri isə məni həqiqətən məyus edir. Xüsusilə kitabın ortalarından sonra başlayan o gərginlik adamı tam içinə çəkir; yazıçı obrazların keçirdiyi qorxunu və həyəcanı sənə elə ötürür ki, sanki o hissləri sadəcə oxumursan, onlarla bərabər yaşayırsan. Onu da deyim ki, əgər bir yazıçı kitabinda elə kitabların özündən, mütaliədən danışırsa, mənim gözümdə digərlərindən bir addım öndədir. Belə kitabların aforizmləri, xettlenen cümlələri çox olur və reklamı da daha maraqlı gedir, mene gore. Bu kitabda da kitabxanaların, kitablarla bağlı o gözəl fikirlərin yer almasını çox bəyəndim. ümumiyyətlə, bir insanın kitab sevgisindən danışılması mənim hər zaman çox xoşuma gələn nüanslardan biri olub. Kitabda elə məqamlar var ki, oxuduqca anlayırsan ki, yazıçı bəzi səhnələri qurmaq üçün tibb və hüquq kimi müxtəlif sahələrdən ciddi məlumatlar toplayıb, yəni hər şeyi real faktlara söykənərək yazıb. Müəllifin cəmiyyətimizdəki o yersiz ictimai qınağa, insanların nə yaşadığını bilmədən onları mühakimə edib damğa vuranlara, başqasının həyatına burun soxub dedi-qodu edənlərə qarşı toxunduğu mövzular isə o qədər yerindədir ki, oxuduqca adamın içindən yazıçıya "halal olsun" demək keçir. Baş obrazın həyatı, bu hekayənin necə bitəcəyi, keçmişdə nə baş verdiyi mənə maraqlı gəlirdi. Müəllif hər fəsli elə yerdə bitirir ki, adam istər-istəməz “axı burada bitməməli idi” deyib dərhal o biri hissəyə keçmək istəyir. Bir sözlə, kitabı əlindən yerə qoya bilmirsən. Baxmayaraq ki, bu, yazıçının ikinci kitabıdır, sanki illərin təcrübəli müəllifi kimi hər fəsli peşəkar sonluqla bağlayıb, oxucunu maraqda saxlamağı və onu növbəti səhifəyə keçməyə vadar etməyi bacarıb. Kitabda hekayəni uzatmaq üçün baş obrazlarla bağlı əlavə edilmiş bəzi səhnələr var. Əslində süjet üçün o qədər də mahiyyət kəsb etməsə də, hekayənin özü və sonu kifayət qədər maraqlı olduğundan, bu hissələr belə insanda böyük həyacan yaradır və sonu görmək istəyi ilə çox axıcı şəkildə oxunur. Əsər günümüzün reallıqlarına o qədər uyğun yazılıb ki, istənilən oxuyucu özündən bir parça tapacaq, bənzər ve yaxud eyni hissləri keçirdiyini mütləq xatırlayacaq. Bu sadəcə bir kitab deyil, hər birimizin başına gələ biləcək səhnələrlə dolu olan, hamımızın ortaq iç səsidir. Rüstəm obrazını və onun həyatını heç vaxt unutmayacağımı deyərək davam edirəm. Mənə görə bu əsər özü ilə baş-başa qalanlar, özünü daxilində axtaranlar və keçmişin yükündən qurtula bilməyənlər üçün yazılmış motivasiya mənbəyidir. Kitabı sadəcə oxumursan, sanki bir psixoloqla üzbəüz oturub həyatını danışırsan. Kitabdakı maarifləndirici dialoqlar o qədər mənalı və səmimidir ki, hər sətirdə aydınlanır, həyatı yenidən anlayır və mütləq özündən bir parça tapırsan. Mühakimə olunmadan dinlənilmək və ruhən yüngülləşmək istəyənlərin iç səsi olan bu kitab, həm də insana necə gözəl dost, ailə üzvü və valideyn olmağı öyrədir. Çünki burada həm həyatın bütün gözəllikləri, həm də ən çətin sınaqlardan keçmiş insanların taleyi çox, amma çox böyük bir ustalıqla cəmlənib. Kitabın son hissələrində müəllif elə bir mövzuya toxunub ki, belə nüanslara on kitabdan bəlkə birində rast gəlmək olar və mən uzun zamandır bu qədər mənalı, həqiqətlərlə dolu bir əsər oxumamışdım. Tam da bu hissədə yazıçının söz bazasının çox geniş olduğunu vurğulamalıyam. Cəmiyyətdəki mənfi obrazları, aşağı düşüncəli insanları, zorakılığı, əxlaq və tərbiyənin hər bir incəliklərini elə gözəl analiz edir ki, adam bu həqiqətlər qarşısında kitabı necə ifadə edəcəyini, necə təhlil edəcəyini bilmir. Xüsusilə də güclünün zəif üzərindəki o qəddar hakimiyyəti barədə deyilənlər və nələr-nələr. Tam açıq danışmaq istəmirəm, oxuyub bu həqiqətlərlə tanış olun. İnsan bəzən həyatın qarmaqarışıqlığı içində özlüyündə hansı şəxsiyyəti daşıdığını, əslində kim olduğunu tam anlaya bilmir. Elə bir nöqtəyə gəlir ki, daxilindəki o çoxluq arasından özünü seçib ayırmağı bacarmır. Əlbəttə, bu yolda özü-özünə kömək edənlər olduğu kimi, kiminsə köməyi ilə özünü tapanlar da var, amma bu kitabı oxuduqdan sonra bir daha əmin oldum ki, çoxumuz içimizdəki əsl "mən"i üzə çıxarmaq əvəzinə, sadəcə müəyyən obrazlara bürünərək və müdafiə mexanizmləri quraraq yaşayırıq. İçindəki o əsas sualın cavabını tapan varsa, nə xoş onun halına. Bu qədər taleyi və hadisəni bir silsilə kimi ard-arda düzmək hər yazıçının işi deyil. Kitabın quruluşu həqiqətən heyranedicidir. Kitab mənim ən çox bəyəndiyim, hər kəsə tövsiyə edəcəyim və hədiyyə edəcəyim kitablardan oldu. Bitəndə isə adamı çox dərin düşüncələrlə baş-başa qoyur. Hətta dərindən düşünən hər bir oxuyucu son səhifəni bağlayanda, elə kitabın adında uyğun olaraq özünə bu sualı verir: "Yaxşı, bəs əslində mən kiməm?". Şiddətlə tövsiyə edirəm.. Bura qədər səbrlə oxuyan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Hər birinizə xoş mütaliələr… Hörmətlər…
1000Kitap
Əslində Mən KiməmBahar Bəxtiyarqızı · Kitabçı Nəşriyyat · 202512 okunma
··
59 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Fikirləriniz üçün çox təşəkkür edirəm🙏