Sonya Makvaninin - Sufinin 365 günü kitabını oxuyub bitirdim.
Kitabın müəllifi hindistanlı müəllif, ekstrasens və intuisiya kanalı mütəxəssisidir. Fəaliyyəti meditadiya, sufi fəlsəfəsi, alternativ şəfa üsulları və daxili transformasiya mövzularını əhatə edir.
Kitab çox sadə lakin dərin mənəvi təlimlərlə zəngin gündəlik meditasiyadır.İnsanların daxili dünyasına nüfuz edir, daxili aydınlıq , qəbul və bağışlama yolunda güclü bələdçidir.
Dünyanın sevgi, arzular və azadlıq üçün oyun meydanı olduğunu bilən içinizdəki səsə. Azadlıq böyüyən dostluqdur, sevgi hədiyyələrimizin əkilməsidir və xəyal bunun şirəsini dünya ilə paylaşmaqdır…
Mənim qədəhim boşdur… Gəl onu doldur…
Meru kiçik bir şəhərdə yaşayan yetim qızdır. O, sari toxucusudur. İllər sonra uşaqlıq rəfiqəsi Zeytunla görüşür və onunla yaşamağa başlayır. Rəfiqələr Merunun sufi babası İbn -Ər-Rəşiddən miras qalab evdə müəmmalı gündəlik tapırlar. Bundan sonra həyatları dəyişir.
Əsərin ötürdüyü mesaj ən çox özünə qayıdış, özünü tanımaq, özünükəşf, özünü sevmək, özünə yolculuq, daxili rahatlıq, huzur tapmaq, alilik, yaşamın anlamı , izahı , sakitliyə çatmaq və sonda bu yolda özünü tapmaqdır…
Həyatımız boyunca yaşadığımız məyusluğa görə çox zaman üsyan edirik.Amma hər məyusluq təcrübəsi, əslində, həyatımızda dönüş nöqtəsidir, ya xəyallarımızı yaşamağa başlamağı , ya da bizə yaşamağa davam etməyi xatırlatmaq üçündür əslində.
Çox vaxt getməyi seçdiyimiz yerlər nə isə alacağımızı bildiyimiz yerlərdir…Biz hər zaman müqəddəs saydığımız yerlərə gedirik, çünki orada eşidiləcəyimizə inanırıq.İnanırıq ki, axtardığımızı tapacağıq. Əslində , əldə etdiyimiz şey çıxdığımız həyat yoluna davam etmək üçün cəsarət və inamdır. Çıxdığınız yola inanmasanız nəticəsi də yaxşı olmayacaq. Həyatın özü müqəddəs bir vəzifədir. Missiyadır.
Hekayələrin birində möcüzə tapmaq , möcüzə ilə rastlaşmaq üçün bir kişi uzun bir yola çıxır.Hər gün yol gedir və qarşısıma çıxan insanlara- Möcüzə nədir? Onu necə tapım? -Suallarını verir.
Digər hekayədə Qartalın dağların başında uçması və hər dəfə daha hündürə qalxaraq məsciddə, kilsədə Allahı axtarması ilə bağlıdır. Hər bir yerdə verdiyi sual - “ Allah hardadır? onu necə görüm” idi.
Allahı tapmaq üçün yola çıxmaq, daha hündürdə uçmaq lazım deyil. Allah hər kəsin içindədir.Heç bir yerdə deyil, hər yerdədir.Onu özünüzlə hər yerə aparın.O sizin vicdanınızdır. Ən böyük haqq- hesab onunladır.
Həyatda əsasən üç şey var ki, biz qaraçı tayfası olaraq hər an xatırlayırıq və bir- birimizə xatırladırıq. Biri- hər bir insanın öz məqsədi olan yolda yerimək qabiliyyəti; yeriməyə davam etmək; kökləri kainatın başqa bir yerində olmasına baxmayaraq, səyahətə davam etməkdir. İkincisi - içimizdəki sevgini yaşatmaq. Biz Təbiət qəbiləsiyik; bütün bu planetdəki Təbiət; biz Təbiətik. Biz heç bir şəkildə sevgidən ayrıla bilmərik.Bəli , biz məyus ola bilərik. Məhəbbətin özü də budur. Amma yolu açan da sevgidir. Yalnız sevgi insanlığı bir araya gətirir. Bir- birimizə sevgini və onun bizdən başlamalı olduğunu xatırladırıq. Sonuncu- hamımızın axtardığı şey; baxmayaraq ki, içimizə həkk olunmuş olsa da - azadlıqdır. Hamımız həyatımızda ən azı bir dəfə azalığa can atırıq. Azadlıq son prinsipdir. Bir insana verilən Azadlıq Tanrının ən böyük nemətidir.
İnsanların qəlbində yaşamanın yeganə yolu sevgi və sülhdür.
Mən kiməm? Məqsədim nədir? Bu suallad çatmağın özü səyahətdir. Özümüzə olan səyahət, yolculuqdur. Həyat təkcə hekayə dinləməkdən ibarət deyil, həm də öz hekayəmizi yaratmaqdan ibarətdir.Hamımız öz hekayəmizin və öz həyatımızın sahibiyik, nə olursa olsun seçim etməj lazım olanda da seçim edirik.Seçimlərimiz bizi azad edəcək gücə malikdirlər.
P.S Söhbət milyonların içdiyi bir fincan çaydan getmir. Söhbət çoxlarının içdiyi və hər birimizə fərqli hisslər bəxş edən çaydan gedir. Önəmli olan xaricdən geyindiklərimiz deyil, içimizdə yaşadıqlarımızdır. İçimizin gözəl yaşaması və huzurlu olması dilə ilə.Hər kəsin özünə yolculuğunun gözəl başa çatması diləyi ilə kitabla qalın…