Gönderi

8/10
·50 syf.··
2026 114. kitabı
Stefan Zweigin “Mecburiyyət” əsərini ilk dəfə oxuyanda düşündüm ki, bəs mən onun yerində olsaydım, nə edərdim? Ferdinand kimi bir rəssam, sakit kənd həyatı, onu sevən bir qadın– hər şey gözəl. Birdən əmr gəlir: “Dön geri, döyüşə qatıl”. Və mən onun bu parçalanmasını o qədər dərin hiss edirəm ki… Zweiq göstərir ki, ən təhlükəli zorakılıq fiziki deyil, psixoloji olandır. Ferdinand nə qədər “getmək istəmirəm” desə də, içindəki səs “getməlisən” deyə qışqırır. Bu səs haradan gəlir? Dövlətdən? Cəmiyyətdən? Yoxsa uşaqlıqdan bizə hopdurulmuş “vəzifə” hissindən? Mən düşünürəm ki, Zweiq bu sualın üstünü açmır – çünki cavabı hər kəs öz vicdanında tapmalıdır. Paula mənim üçün əsərin ən cəsarətli obrazıdır. O deyir: “Sən getmə, azadsan”. Onun məntiqi sadədir – əgər hər kəs “yox” desə, bu maşın dayanacaq. Amma Ferdinand Paula kimi ola bilmir. Niyə? Çünki o, iradəsinin köləsi deyil, iradəsinin özü məcburiyyətə çevrilib. Və bu, ən faciəli məqamdır: insan öz daxilindəki ziddiyyətlərdən qurtula bilməyəndə xarici düşmən axtarmağa başlayır. Ferdinandın düşməni nə ordudur, nə dövlət – onun düşməni öz qorxusudur. Sərhəddə qarşılaşdığı yaralı əsgərlər. O an mən öz-özümə sual verdim: “Həqiqətən dağılmış bədənləri görməkdən başqa heç nə insanı ayılda bilməzmi?” Bəlkə də yox. Zweiq optimistdir – finalda Ferdinand geri dönür. Lakin məncə, geri dönüş onu xilas etmir. O, ömrünün sonuna kimi “bəs getməli idim?” sualı ilə yaşayacaq. Çünki əsl məcburiyyət hökumətin əmri deyil, insanın öz beynində yaratdığı “mütləq olmalı” fikridir. Mən bilirəm ki, Zweiq özü də müharibədən qaçmışdı – İsveçrəyə, oradan da İngiltərəyə, nəhayət Braziliyaya. O, 1942-ci ildə özünə qəsd edərək “məcburiyyət”dən qaçmağın yeganə yolunun ölüm olduğunu göstərdi. Lakin bu novella 1920-ci ildə yazılıb – hələ ümidli dövr. Bəlkə də Zweiq özü də Ferdinandın seçdiyi yolu – geri dönməyi – seçməli olduğunu düşünürdü? Amma seçmədi. Və bu paradoks məni dərin düşündürür: yazıçı qəhrəmanına inandığı cavabı verməyə bilər, amma oxucu olaraq mən hər ikisinə haqq verirəm. Hər bir insan “məcburiyyət”in içinə doğulur. Onu yaşamaq da, ondan qaçmaq da çətindir. Amma ən pisi məcburiyyəti fərq etməməkdir. Zweig isə göstərir ki, fərq etmək artıq azadlığa atılan ilk addımdır – nəticə nə olursa olsun. Mən Ferdinandın yerində olsaydım? Bilirsiniz, yəqin ki, Paula kimi deyərdim: “Qal”. Amma sonra eşidərdim içimdəki o başqa səsi: “Get”. Və o səsə qulaq asardım. Çünki insanı məcburiyyət deyil, məhz o səs idarə edir – istər get, istər qal, nə etsən də.
Edebiyat
MecburiyetStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202175bin okunma
·
19 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.