Ləpirçi: Mən Yeməli Deyiləm Bəzi kitablar var ki, onları sadəcə oxumursan — yaşayır, hiss edir, hətta bəzi yerlərində özünü itirirsən. “Mən yeməli deyiləm” mənə görə məhz belə kitablardandır. Çünki bu kitab hadisələrdən çox, insanın içində baş verən görünməz savaşlardan danışır. Elə savaşlar ki, başqaları görmür, amma insanı içəridən yavaş-yavaş dəyişdirir. Kitabı oxuduqca bir şeyi başa düşürsən: insanın ən təhlükəli düşməni həmişə qarşısında dayanan biri olmur. Bəzən ən təhlükəli düşmən insanın öz beynidir, qorxularıdır, susdurduğu hissləridir. Biz həmişə elə bilirik ki, həyat bizi insanlar vasitəsilə yaralayır. Kiminsə xəyanəti, yarımçıq qoyduğu sevgilər, deyilən ağır sözlər bizi dəyişdirir sanırıq. Amma insan bir az dərinə baxanda anlayır ki, əslində onu ən çox incidən yaşadıqları deyil ,yaşadıqlarından sonra içində böyütdüyü səssizlikdir. Çünki bəzi ağrılar keçmir, sadəcə formasını dəyişir. İnsan onları unutduğunu zənn edir, amma onlar sakitcə ruhun bir küncündə yaşamağa davam edir. Bir gün bir söz, bir baxış, bir xatirə hər şeyi yenidən oyadır və sən anlayırsan ki, bəzi yaralar bağlanmayıb, sadəcə üstü örtülüb. Məncə kitabın ən ağır tərəfi insanı öz həqiqəti ilə üz-üzə qoymasıdır. Çünki insan özünü tanıdığını düşünür, amma əslində çox az adam öz içini həqiqətən tanıyır. Biz özümüzə belə maska taxırıq. Güclü görünməyə çalışırıq, normal görünməyə çalışırıq, heç nə olmamış kimi davranırıq. Amma insan özündən qaçanda qəribə bir şey baş verir : getdiyi hər yerə öz ağrısını da aparır. Sən şəhər dəyişirsən, insanlar dəyişirsən, həyatını dəyişirsən, amma içində həll etmədiyin şeylər səninlə gəlir. Çünki insan dünyadan qaça bilər, amma özündən qaça bilmir. Bəlkə də kitabın adına görə ən dərin məna elə budur: “yem” olmaq. İnsan həmişə düşünür ki, yem olmaq yalnız başqalarının manipulyasiyasına düşməkdir. Amma məncə məsələ daha dərindir. İnsan bəzən öz qorxularına yem olur. Öz keçmişinə yem olur. Öz beyninin yaratdığı yalanlara yem olur. Bir dəfə “mən bacarmaram” deyirsən, sonra illərlə o fikrin içində yaşayırsan. Bir dəfə qırılırsan, sonra bütün insanlara eyni qorxu ilə baxırsan. Bir dəfə sevdiyin insan gedir, sonra sevgini belə təhlükəli görməyə başlayırsan. İnsan çox vaxt fərqinə varmadan öz yarasının içində ev tikir. Ən qəribəsi də budur ki, insan öz ağrısına alışır. O qədər alışır ki, bir müddət sonra ağrı onun kimliyinə çevrilir. Artıq kim olduğunu yox, başına gələnləri olur. Və insan bəzən sağalmaqdan qorxur. Çünki illərlə daşıdığı kədər gedərsə, geridə nə qalacağını bilmir. İnsan qırıldığı yerləri o qədər özününkü edir ki, bəzən xoşbəxtlik belə ona yad gəlir. Məncə bu kitabın içində gizlənən ən ağır həqiqətlərdən biri də budur: insan azad olduğunu düşünür, amma əslində görünməz zəncirlərlə yaşayır. Keçmişin dedikləri, ailənin öyrətdikləri, qorxuların, travmaların, insanların fikirləri… İnsan çox vaxt öz seçimlərini etdiyini sanır, amma bəlkə də həyatının yarısını qorxularının qərarları ilə yaşayır. Bəzən biz qərar vermirik , qorxularımız bizim yerimizə qərar verir. İnsan qəribə varlıqdır. Hamının içində gülür, danışır, normal görünür. Amma gecə hamı yatandan sonra içində başqa biri oyanır. Susduğun bütün fikirlər səni tapır. Unutduğunu düşündüyün şeylər geri qayıdır. İnsan gündüz həyatdan qaça bilir, amma gecə özündən qaça bilmir. Məncə ən ağır təklik otaqda tək qalmaq deyil , öz beyninin içində tək qalmaqdır. Bəlkə də həyatın ən çətin tərəfi budur: insan öz qaranlığı ilə üzləşməyə məcburdur. Çünki heç kim bizi özümüzdən xilas edə bilmir. İnsan gözləyir ki, bir gün biri gəlsin və onu sağaltsın. Amma bəzi yaralar var ki, onları yalnız insan özü sağalda bilər. Başqaları sadəcə əlindən tuta bilər, amma o qaranlıq yoldan yenə də sən keçməlisən. Öz qorxularınla, öz travmalarınla, öz həqiqətinlə üzləşməlisən. Bu kitab mənə bir şeyi düşündürdü: bəlkə də insanın ən böyük savaşı həyatda qalmaq deyil, özü olaraq qalmaqdır. Çünki dünya bizi dəyişdirir. Ağrılar dəyişdirir, xəyanətlər dəyişdirir, yarımçıq qalan şeylər dəyişdirir. Bir gün dönüb özünə baxırsan və soruşursan: “Mən nə vaxt belə oldum?” Bəlkə də insanın ən böyük itkisi kimisə itirməsi deyil, özünü itirməsidir. Amma bütün bu qaranlığın içində yenə də kiçik bir həqiqət qalır: insan tam qırılmır. Yorulur, susur, dəyişir, amma içində həmişə balaca bir işıq qalır. Bəlkə buna ümid deyirlər. Bəlkə buna yaşamaq səbəbi deyirlər. İnsan nə qədər dağılsa da, içində bir tərəf həmişə sağalmaq istəyir. Sadəcə çox vaxt bunu etiraf etməyə qorxur. Və sonda başa düşürsən ki, bəlkə də həyatın məqsədi mükəmməl olmaq deyil. Bəlkə məqsəd öz qaranlığını tanıyıb onunla yaşamağı öyrənməkdir. Öz yaralarını gizlətmədən baxa bilməkdir. Özündən qaçmamaqdır. Çünki insanı məhv edən həmişə ağrı olmur — bəzən ağrını qəbul etməmək olur. Və bəlkə də sağalma o gün başlayır ki, insan ilk dəfə özünə qarşı yad davranmağı dayandırır. Çünki bəzi insanlar başqaları tərəfindən yox, ən çox özləri tərəfindən yaralanır. Bəlkə də ən böyük azadlıq — ilk dəfə öz içindəki həbsxananın qapısını açmaqdır.