Gönderi

Hamının 3-5 sətir rəy yazdığı kitaba mənim dastan yazmağım
10/10
·80 syf.··
Beğendi
·
2026 4. kitabı
Bismillah. Balaca Qara Balıq Samed Behrengi Əsər uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərə,bəlkə də, uşaqlardan daha artıq xitab edə bilər. Hekayə bir nənənin 12.000 nəvə balığa nağıl danışması ilə başlayır. Balaca Qara Balıq artıq yaşadığı sudan sıxılıb,o həyatın mənasını bu balaca yerdə qısılıb qocalmağı gözləmək,hər gün mənasızca gəzməkdə görə bilmir. Ona görə məna ilə gəzmək, görmək,dənizi tapmaq lazımdır. Ancaq Qara Balığın başda anası olmaqla dost tanışı,qohum qonşusu, hamısı, onu bu "axmaq" fikrinə görə qınayır. Bu real həyatda aldığımız qərarlara qarşı yaxınlarımızın həvəsöldürücü, qınayıcı nəzər və sözlərinə bir işarədir. Qara Balıq isə bu qədər söz söhbətə baxmayaraq öz əməlindən dönmür və uzun bir səyahətə çıxır. Bu isə biz insanlara tutdugumuz yoldan dönməmək üçün sanki bir stimul verir. Qara Balığı tənqid edənlər burada da bitmir,o əvvəlcə həyatın bərki-boşunu görməmiş,valideyninin fikri ilə formalaşan çömçəquyruqların,daha sonra isə necə bu qədər egolu və cahil olduqlarına sübut kimi göstəriləcək ana qurbağanın kinayəli sözlərini dinləməyə məcbur qalır. Bəlkə də,günümüzdə bunu sosial media ilə bağlayan bilərik. Bizi tanıyanlar qədər tanımayanlar da bizi həvəsdən salmağa çalışır,daim mənfi fikir ötürürlər. Sanki özləri bacaramadıqları şeylərin acığını bacarmağa çalışanlardan çıxırlar. Sanki o Balaca Qara Balıq haqlı olsa,indiyə qədər yaşadıqları ömrün puç olmasından qorxurlar.Biz isə Qara Balığın mövqeyindən baxmalı və onun etdiyi kimi bu sözlərə fikir verməməli,ötüb keçməliyik. Qara Balıq bu görüşdən sonra nəhəng bir xərçənglə rastlaşır. Xərçəng o əsnada bir qurbağanı parçalayıb yeyirdi. Qara Balıq o dəqiqə bu məxluqdan ehtiyat eləməli olduğunu anlayır. Xərçəng onu aldadıb yanına çağırmağa çalışsa da, qəhrəmanımız gözüaçıqdır. Özünün də dediyi kimi "ağlı, məntiqi, gözü var, görür,anlayır".Bu da istəklərimiz uğrunda getdiyimiz yolda qabağımıza çıxa biləcək təhlükəsiz təhlükələrə işarə ola bilər. Ağlımızla, gözüaçıqlığımızla biz bu yolda gələ biləcək hər təhlükəyə qarşı ehtiyatlı olmalıyıq.Kor-koranə addımlamaq əvəzinə ağılınızdan istifadə etməliyik. Qara Balıq kənarda oturub olan bitəni seyr edən müdrik bir kərtənkələ ilə məsləhətləşmək istəyir. Kərtənkələ onu hadisələrdən,xətərlərdən xəbərdar edir, özünü müdafiə eləmək üçün balığa bıçaq verir. Kərtənkələ burada bizə kömək olan müdrik bir şəxsi təmsil edə bilər.Hədəfimizə gedən yolda pis şəxslər olduğu kimi yaxşı insanlar da var. Onlar bizə nəsə öyrədir,nədənsə bizi agah edirlər. Bəlkə də,onlar da bir vaxtlar belə bir yol qət ediblər deyə,biz onların təcrübələrindən bəhrələnə bilirik. Qara Balıq Qutan, Mişarbalığı və Vağ kimi təhlükələrdən xəbərdar olsa da,bu onu yolundan döndərmir. Yolda balaca xırda balıqlarla rastlaşır. Onlar Balaca Qara Balığa heyranlıq bəsləyir,lakin qorxularına güc gəlib irəli gedə bilmirdilər. Ancaq səhər xırda balıqlar da Qara Balığa qoşuldular. Bu da maraq duyğusunun qorxudan belə daha qüvvətli hiss olmasını sübut edir. Həmçinin kitab açdığımız yolun uzaqdan necə şirin görünüb yaxından necə çətin olmasını bəzi insanlara dərk etdirmək üçün də bu məqama toxunmuş ola bilər. Digər tərəfdən yalnızca maraqla yola çıxan da yolda qalar. Həqiqi istək lazımdır. Əgər belə olsaydı,Qutanın ağzına düşəndə onlar buna görə Qara Balığı günahlandırmaz,fikirlərindən bu sürətdə dönməzdilər. Maraqla çıxılan bu yolun nəticəsi də onlar üçün yem olmaq olmazdı...Qara Balıq əlindən gələni etsə də, xırda balıqların gözünü aça bilmədi. Özü isə Qutanın ağız kisəsini yırtıb qaçmağı bacardı. Yolda mişarbalığına rastlasa da,bu təhlükədən də yan ötüşə bildi. O ,nəhayət, dənizə çatdı. Bu suyun dəniz suyu olduğunu dibini görə bilmədiyi dərinlikdən və onun kimi monoton həyata üsyan edib öz yolunu tapmaq istəyən balıq topluluğundan öyrənəndə sanki bu qədər ömründə əsl nəfəsi indi alırmış kimi xoşbəxt oldu. Təhlükələr isə bitmir.Vağ ilə qarşılaşmasını Qara Balığın ən çətin anları hesab etmək olar. Vağın kəskin dimdiyindən qurtulmaq ümidi Qara Balıqdan öləndə belə əl çəkmir,o bir az daha yaşamaq üçün mübarizə aparır.Sonuna qədər gah sözü,gah hərəkətləri ilə mübarizəsinə davam edir. Vağın mədəsində,nəinki özünə, hətta başqa bir cıbbılı balığa da qaçması üçün yardım edir. Bundan sonra isə Qara Balıqdan xəbər alınmır. Elə hekayə burada da bitir. Nənə bütün nəvələrinə hekayəni sabah davam edəcəyini vəd edib "gecən xeyirə qalsın"deyəndə 11.999 nəvə balıq buna cavab ,yalnız 1 necə, Qırmızı balıq, tək bir şeyi düşünür: Dəniz... Bu isə Qara Balığın,bəlkə də , əsl uğuru idi. 1 nəfərin belə olsa, düşüncəsində üfüq açmaq... Əsərdə bir də Balığın ay ilə danışması,onun işığı ilə xoşbəxt olmasına toxunmaq istəyirəm. Ay, bəlkə də, həyatda bizə ən çətin anımızda stimul verən,dincəldiyimiz,onunla ruhumuzun yorğunluğunu atdığımız şəxslərdir. Bəlkə də,Allahdır ki,hər onunla danışdıqda irəliləmək üçün daha da eşqlə doluruq. Bəlkə də, heç biri deyil,bizim özümüz üçün müqəddəsləşdirdiyimiz bir andır. Fəqət qara buludun ayın önünü kəsməsi tam olaraq nəyə işarədir,anlaya bilmədim .Ayı insan kimi götürsək,bir müddətdən sonra bağımsız hala gəlməyə məcbur olduğumuza və o insandan uzaq düşdüyümüzə,ya da Allah götürsək,nəfsimizin qara bulud kimi Allahla aramıza pərdə saldığınamı işarədir?
Balaca Qara BalıqSamed Behrengi · Simurq Nəşriyyatı (Parlaq İmzalar) · 202336,8bin okunma
·
16 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.