Həqiqəti axtarmaq yoxsa həqiqət olmaq? Həqiqət necə tapılır? Hermann HesseSiddhartha adlı əsərində Siddhartha obrazı və onun daxili monoloqları üzərindən bu suallara cavab verir, mən isə sadəcə kitabları və analizi sevən mexaniki yönümlü IT tələbəsi kimi bu kitaba dair görüşümü bölüşürəm.
Siddhartha. Brahman. Doğuşdan dini ayinlər içində, tanrılara sunaqlar verən, ibadət edən, meditasiya ilə məşğul olan ata ilə böyümüşdü. Buna görə də günahlardan uzaq, dünyəvi zövqlərin arxasınca düşüb özünü itirməmişdi. Bütün bunlara baxmayaraq, axtardığını tapabilməmişdi.
Zaman keçdikcə daxilindəki suallar və şübhələr artmağa başladı, çünki nədən qaçdığını, özünü nədən qoruduğunu bilmirdi. Məqsəd "Nirvanaya" çatmaq idi, halbuki əgər atası, müəllimləri və digər Brahmanlar düzgün yolda idilərsə, niyə hələ də məqsədə çatmamışdılar? Niyə illərlə eyni rutinin daxilində ilişib qalmışdılar?
Öz həqiqətini tapmaq istəyi ilə atası razı olmasada atasından ayrılır, öz iç səsini dinləyərək Samanalara qoşulur, axtardığı şeyi orada tapacağını umur. Qaçmalı və qamçılamalı olduğu şeyin dünyəvi zövqlər və istəklər olduğunu düşünür, dostu Govindanı da bu yolda özünə qoşur. Govinda – Siddharthanın daim dəstəkçisi, yaxın dosdu.
Samanalar oruc tutur, yuxusuz qalır, dilənir, cırıq paltarla yaşayırlar və özlərinə əziyyət verirlər. Siddhartha da bu yolu seçir. Lakin zaman keçdikcə özünü hər şeydən məhrum etməklə fərqli bir eqo qazanır. Çünki artıq özünü günahlardan təmizlənmiş, nəfsinə hakim olmuş biri hesab edir. Digər insanları "uşaq insanlar" görür, çünki onlar maddiyyat uğrunda çalışıb-vuruşurlar, dünyəvi zövqlərin əsiridirlər, sevirlər, insanlara bağlanırlar və hissləri üzündən hərəkətlərini idarə edə bilmirlər. Bu, asketizmin gizli paradoksudur: özünü hər şeydən məhrum etmək eqonu öldürmür, yalnız ona yeni bir paltar geyindirir.
Bu düşüncələrlə Gotamanın yanından da ayrılır və öz yolunu seçir lakin hər daim onun yanında olan Govinda ilə ilk dəfə fərqli yollara gedirlər. Govinda Siddhartha ilə eyni yolları gedən amma əslində əksi olan şəxs idi. Siddhartha həqiqətin öyrədilməsindən çox yaşanmalı olduğuna inanırdı. Govinda isə tam əksi, öyrədiləndən çox öyrədənə fokuslanırdı. Siddharthanın bu yoldan ayrılmasında təkcə eqo yox, Siddharthanın heç bir öyrədənin ona hazır həqiqət verə bilməyəcəyinə olan inamı da rol oynayırdı.
Dostunu tərk edərək öz yoluna gedir, lakin şəhərə yaxınlaşarkən Kamala adlı qadını görür və uzun illər boyu özündən uzaq tutduğu dünyəvi tərəfi ilk dəfə onun vasitəsilə qarşısında görür. Kamala sadəcə bir qadın deyil, Siddharthanın indiyə qədər yaşamadığı həyatın qapısı olur. Siddhartha onunla həzzi, bağlılığı dadır, amma bir yerdə Kamala onun özünə "Sevə bilməzsən." deyir. Kamala sadəcə bir hissəyə qədər ona insani hissləri öyrədə bilir, gələcəkdə isə yenə Kamala sayəsində Siddhartha sevməyi öyrənəcəkdi.
Zaman keçdikcə şəhərdə qalır, tüccarla dostluq edib tüccarlıq sənətini, Kamaladan isə sevmə sənətini öyrənir. Pul qazanır, pul itirir. Qumarbaz olur. Dünya mallarına bağlanır və əslində, vaxtilə daim tənqid etdiyi və özünü üstün gördüyü "uşaq insan"a çevrilir.
Ən maraqlısı isə budur ki, Siddhartha bunun fərqindədir. Lakin yenə də içindəki "getdiyim yolu bilirəm" hissindən əl çəkə bilmir.
Bir gün anidən içindəki sıxıntı ilə hər şeyi atır. "Özünün" bu olmadığını, əvvəlki saflığı axtardığını başa düşür, halbuki əvvəlki saflığı tapa bilməzdi, çünki məsələ itirdiyi saflıq deyil, bütün bu yaşadıqların mənası idi.
Bir qayıqçının yanına yerləşir, onunla dostluq edir.
Vasudeva. Bəlkə də kitabın ən vacib personajlarından biridir, baxmayaraq ki çox az danışırdı. Yoldaşının ölümündən sonra çayı özünə müəllim seçmiş, onu dinləyərək, dinlədiklərini anlamağa çalışaraq həyat sürürdü. O sadəcə "insan" idi, lakin müdriklərdə olan, Gotamada olan dərinlik onun simasında, gözlərində, gülüşündə mövcud idi.
Vasudeva az danışırdı, izah etmirdi. Deyəcəyi şeyi bilmədiyindən deyildi — çaydan öyrənmişdi bunu: zaman xətti deyildi, keçmiş ilə gələcək eyni suda axırdı. İzah etmək isə birinin bildiyi, digərinin hələ bilmədiyi anlamına gəlirdi. Vasudeva artıq o fərqi görürdü. Siddhartha onunla çalışdı, çayı dinlədi, zamansızlığı hiss etməyə çalışdı. Çay ona bir şey pıçıldayırdı: keçmiş də, gələcək də, indi də eyni suda axır. Hər şey eyni anda var. Hər şey eyni anda ötür.
Siddhartha bunu eşitdi. Amma hələ oğlunu tanımırdı.
Və haçan ki yenidən o eqo üzə çıxdı, Sansara çarxı yenidən fırlandı. Yenidən qarşısına öz acizliyini sübut edəcək bir hadisə çıxdı. Kamaladan olan oğlu. Kamala vasitəsiylə öyrənilən digər dərs.
Oğlu Siddharthadan çox fərqli idi və Siddhartha oğluna çox insani duyğularla bağlanmışdı. Oğlu onu incidir, təhqir edir, hörmət etmirdi, lakin Siddhartha onu düzəldərəm ümidi ilə oğluna olan şiddətli sevgi və bağlılıqdan hər şeyi qəbul edirdi.
Bir gün oğlu qaçır və atasını tərk edir. Siddhartha oğlundan başqa heç nə düşünə bilməyərək onun arxasınca gedir. Oğlunun arxasınca gedərkən Siddhartha ilk dəfə atasının illər əvvəl yaşadığı hissləri də anlayır. Bir zamanlar öz həqiqətini tapmaq üçün atasını tərk etmişdi. İndi isə eyni şeyi oğlu ona yaşadırdı. Həyat ona, sözlə deyil, yaşadaraq bir şey göstərirdi.
Şəhərin qapısına çatdıqda isə bir zamanlar tərk etdiyi həyatla yenidən üz-üzə gəlir. Sanki orada, oğlunun arxasınca getsə nələrin yaşanacağını görür. Sansara çarxı dayanmayacaqdı. Əgər qəbul etməsəydi, əgər buraxa bilməsəydi, o çarx yenə fırlanacaqdı. Və o an, şəhərin qapısında, arxasında qoyub getdiyi o qaranlığı görür və yerə çökərək kitab boyunca tək dəyişməyən şey ilə, "Om" mantrası ilə birləşir.
O an başa düşür Siddhartha. Öldürməli olduğu şey nəfsi deyil. Çünki nəfsini illər əvvəl Samanalarla olanda məğlub etdiyini düşünürdü. Öldürməli olduğu şey "mən" idi. Həyatının hər mərhələsində başqa formada ortaya çıxan, onu insanlardan ayıran, özünü fərqli və üstün görməsinə səbəb olan eqosu.
Artıq insanlara yuxarıdan baxmırdı Siddhartha. Artıq özünü onlardan biri hesab edirdi. Çünki onların keçdiyi yollardan keçmiş, məqsədlərə sahib olmuş, sevmiş, bağlanmış və onlardan biri olub — birlik olmuşdu.
Daim böyük öyrəticilərin arxasınca gedən Siddhartha, axtardığı o bilgəliyi əslində insanlardan almışdı. Kitabın sonuna doğru köhnə dostu Govinda ilə danışanda həyatına girmiş hər kəsi müəllim kimi xatırlayır. Hamısı ona əvəzsiz şeylər öyrətmişdi.
Kamala ona həm özü həm də oğlu vasitəsilə insani duyğularla bağ qurmağı öyrətdi. Kamasvami maddiyyatın arxasınca getməyi — və onun nəyə apardığını. Vasudeva isə ən çətin şeyi öyrətdi: öz səsini susdurub başqalarını dinləməyi. Çünki Siddhartha həyatı boyu yalnız özünü eşitmişdi — halbuki hər kəs ona bir şey anladırdı.
Siddhartha böyüklərindən, müəllimlərindən və müdriklərdən axtardığı şeyin təkcə bilik olmadığını sonradan başa düşmüşdü. Bilik öyrədilə bilərdi, amma anlayış yalnız yaşanaraq qazanılırdı. Onun axtardığı şey də məhz bu anlayış idi.
Əsas məsələ isə qaranlığı görmədiyi üçün olduğu aydınlıqla öyünməmək idi. Çünki əsl mərifət — qaranlığı gördüyü halda aydınlığı seçməkdir.