O məşhur başlıq hekayədəki Pat – o safkan İskoç iti – Hidayət heç də heyvan sevgisindən yazmayıb bu hekayəni. O, yadlaşmadan yazıb. Bir canlının içinə yuvarlanan o dəhşətli boşluqdan. Və sonra fikirləşdim ki, bu adam Parisdə qaz borusundan özünü asanda, bəlkə də beynində elə o aylak köpək cəhənnəm kimi ulayırdı.
“Kerec Don Juanı” – Hidayət burada İranın o ikiüzlü, riyakar cəmiyyətini elə bir sillə ilə vurur ki, adam yerin dibinə keçir. “Çıkmaz”da isə qəhrəman otaqda tək-tənha ölümü düşünəndə mən də onunla birlikdə boğulurdum. Hidayət sanki deyir: “Bax, bura qədər gəldik. Nə qapı var, nə pəncərə. Çıxış yoxdur.”
“Katya”… bu hekayə məni ən çox çəkəndi. Rus mühəndis, qadın, Avropa baxışı… Hidayət niyə birdən öz torpağından çıxıb Avropalının gözü ilə baxır? Çünki o, həmişə kənardan baxıb. Öz cəmiyyətinə də kənardan, öz həyatına da. Bu hekayədəki o ağır, xəstə məhəbbət əslində heç vaxt tamam olmayan bir ağrıdır.
“Taht-ı Ebu Nasr” - Mumiya canlanır, arxeoloqlar talan edir… Amma bu qorxu filmi deyil. Bu, Hidayətin Qərbə olan nifrətidir. O, amerikalıların əlinə baxır, Şərqin köhnə sümüklərini necə diddiklərini görür və dişlərini qıcıldadır. “Vətənsevər” hekayəsində isə artıq gülməkdən çox ağlamaq gəlir. O siyasi satiranın içinə elə bir acı duz qatıb ki, adamın gözü yaşarır. Deyirlər, vətənpərvərlik şüarları ilə xalqı necə aldatmaq olar? Hidayət göstərir: çox asan. Sadəcə bir “missiya” göndər, bir natiq qarşıya çıxarsın, qalanını axmaqlar özləri tamamlayar.
“Qaranlıq Oda” - Hidayət deyir ki, qaranlıq otaq cəmiyyətin qaranlıq əxlaqından qaçışdır. Amma mən soruşuram: bəs özümüzdən qaçmaq olurmu? Hidayət qaça bilmədi. Parisdə bir otel otağında – bəlkə də “qaranlıq otaq” axtarışında – özünə çıxış tapdı.
“Allahın bir qulu onu oxşamamışdı, gözlərinə baxan olmamışdı.” Bu, təkcə aylak köpəyin deyil, Sadıq Hidayətin özünün də yazısıdır.