Bizim Balaca Dünyamız
Səmimi olaq: çoxumuz elə bilirik ki, həyatda tamamilə azadıq, istədiyimizi edirik. Amma Jack London " Dəmir Daban "da elə bil üzümüzə soyuq su töküb oyadır bizi. Kitabdakı o " Dəmir Daban " dediyi şey əslində sistemin, oliqarxiyanın, pulu və gücü əlində saxlayan o qudurğan elitanın ta özüdür. London deyir ki, sən fərd olaraq nə qədər güclü olmaq istəyirsən ol, əgər sistem səni əzmək istəsə, o ağır dabanı ilə üstündən keçər. İnsan oxuduqca fikirləşir: görəsən biz həqiqətən öz həyatımızı yaşayırıq, yoxsa sadəcə kimlərinsə qurduğu böyük oyunun oyuncaqlarıyıq?
Ernest yoxsa Ernesto Che Guevara ?
Ernesti oxuduqca gözümün qabağına birbaşa Ernesto Che Guevara gəlir! Elə bil Cek London illər əvvəldən Ernesto Che Guevara gələcəyini görüb onu kitaba yazıb. Ernest də eynilə Çe kimi güzəştsizdir, dikbaşdır, haqsızlığa dözə bilmir. Çe Gevara o məşhur baretini taxıb dağlarda, meşələrdə necə canını qoyurdusa, Ernest də burjuaziyanın o dəbdəbəli salonlarında, intellektual debatlarında eyni cəsarətlə vuruşur. Hər ikisində o "həyatı baha-baha satmaq" instinkti var. Ernest sadəcə kitab personajı deyil, o, haqsızlığa qarşı sıxılan o yumruğun, o üsyankar ruhun rəsmidir. Ernest elə Çe-dir, sadəcə əlində silah yox, fəlsəfə var.
Gələcəkdən Gələn Qorxulu Pıçıltı
Bu kitab niyə adamın canına üşütmə salır bilirsiniz? Çünki yazılmasından bir əsr keçib, amma bu gün baxırsan ki, hər şey nöqtə-vergülünə qədər düz çıxır. Medianın bizi manipulyasiya etməsi, böyük şirkətlərin dünyanı idarə eləməsi, alqoritmlərin beynimizi yuması... London elə bil 100 il əvvəldən bu günün dünyasını görüb "Dəmir Daban" adlandırıb. Kitabı vərəqlədikcə anlayırsan ki, o daban hələ də başımızın üstündə fırlanır, sadəcə indi adı "modern dünya" olub.
☆☆☆○○
Kitab niyə mənim üçün 10-dan 10 deyil, təmiz bir 7-likdir? Çünki Cek London bəzən yazıçılığı unudur, başlayır sənə saatlarla iqtisadiyyat mühazirəsi oxumağa. Obrazlar bəzən insan kimi yox, robot kimi ancaq siyasi şüarlar danışırlar, bu da adamı bir az yorur, temp dərhal düşür. Amma bütün bunlara rəğmən, kitabın sənə verdiyi o daxili motivasiya, o "ayağa qalx və vuruş" hissi bəs edir.
Yusif Əhmədzadə