Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

102 syf.
8/10 puan verdi
·
6 günde okudu
Vikontun ikinci yarısı
O yazıçı oxucunun yaddaşına həkk olunur, təsirləndirir ki: “Həqiqətin ağırlığını dilin xəfifliyilə həll etmək” (Kapozzi, 2004) məqsədinə nail olur. Fantastik hekayə və novellaları ilə dünyada sevilən yazıçılardan olan İtalo Kalvino da belələrindəndir. Hələ yeniyetmə çağlarımda İrland yazıçısı Mayn Ridin “Başsız atlı” romanı əsasında çəklimiş eyniadlı sovet filmini izləyəndə qorxu qarışıq macəralı, qəribə hislər yaşamışdım. Heç unutmuram, film kədərləndirsə də, sonda haqq-ədalətin öz yerini tutmasına hədsiz sevinmişdim. Ədəbiyyatda “bədənin hissələrə ayrılması” motivi qədim dövr əfsanə və miflərindən gəlir. Vladimir Yakovleviç Prop bu haqda yazır: “İnsan bədəninin parçalara ayrılması bir çox dinlərdə, miflərdə, eləcə də, nağıllarda böyük rol oynayıb” (“Sehrli nağılların tarixi kökləri”, səh. 95). Həmin kitabın “Hissələrə bölünmüşlər və canlanmışlar. Müvəqqəti ölüm” hissəsindəsə Prop bir neçə antik və nağıl paralellərindən nümunə gətirir, onların içində ən məşhurusa Orfeydir. Yakut nağıllarından birində qızın başını kəsirlər, “baş ölmür, amma ağlayır” (“Sehrli nağılların tarixi kökləri”, səh. 97). İtalo Kalvinin “İkiyə bölünmüş vikont” povestini oxuyanda da eynilə uşaqlıqda izlədiyim “Başsız atlı” filmindəki təsir yenidən oyandı. Niyə təsirlənirik? Çünki təxminən bir-birinə bənzəyən eyni nağıl və ya əfsanə motivləri müxtəlif yazıçılar tərəfindən yenidən işlənərək tamamilə fərqli janrlara daxil edilir, yazıçının təxəyyülü sayəsində də əsərə özünəməxsus fantastik elementlər hörülür. Kalvino ona şöhrət gətirən üçlüyünün ilk əsəri, bəhs etdiyimiz “İkiyə bölünmüş vikont” povestini 1951-ci ildə yazıb. “I nostri antenati (atalarımız)” kitabına salınan digər iki əsər “Ağaca qonan baron” və “Mövcud olmayan cəngavər”dir. Yazıçının ən çox bəyəndiyim cəhəti yazılarında oxucuyla səmimi “ünsiyyət” qura bilməsidir. Əsəri oxuyarkən, hələ yarılamadan hiss olunur ki, mükəmməl nəticə əldə etmək üçün demək olar, hər yolu sınayıb. Povest haqqında müəllif özü də yazır: “Bir yazı formasıyla başqasından üstün olmaq və əxlaqi alleqoriya yaratmaq kimi niyyətim yoxdu, dar mənada siyasət də məqsədim deyildi. Şübhəsiz, o qədər də şüurunda olmamaqla bərabər o illərin atmosferindən təsirlənmişdim. Soyuq müharibənin ortasındaydıq, mühit gərgindi, səssiz parçalanma vardı. Bütün bunlar görünüşə çevriləməsələr də, ruhumuza hakim idilər. Bu nöqtədə bütünlüklə xəyal gücümdən qaynaqlanan hekayə yazaraq, fərqində olmadan o məlum anın əzablarını dilə gətirməklə kifayətlənmir, ondan sıyrılıb uzaqlaşmağa kömək edən sıçrayışı da izah etməyə çalışmışam” (İ. Kalvino 1996). Povest avstriyalılarla osmanlılar arasında müharibəyə qatılan terralbalı vikont Medardonun Osmanlı mərmisiylə ikiyə bölünməsinin nəqliylə başlayır. Vikont ölkəsinə yarım insan olaraq qayıdır. Bu maraqlı əhvalat sonradan oyun kimi böyüyən gözəl nağıla dönür. Nağıl boyunca yarımvikontun ətrafında onun özündən pis parçalanmış olan insanlar hərəkət edirlər. Məşhur bir xalq nağılının motivləri əsasında qələmə aldığı bu gözəl romanla İtalo Kalvino oxucuya hansı mesajı vermək istəyib? Sadəcə xəyal dünyasını yazı şəklində bizlərə təqdim edibmi, yoxsa getdikcə dəyişən, şikəst qalan, düzəlməsi mümkünsüz görünən müasir insana işarəmi vurub? Bəlkə özünün əsər haqqında dediyi kimi, “sıyrılıb uzaqlaşmağa kömək edən sıçrayışı” Vikontun pis və yaxşı, qaranlıq və aydınlıq tərəfləriylə həyatın xaosdan ibarət olduğunu çatdırmağa çalışıb? O xaos ki, yenə də insanın daxili dünyasında aydınlığın qaranlıqla görüşməsinə gətirir və ya bu görüşün baş tutması üçün addımlar atılır. “Niyə ikiyə bölünmək yaxşıdır?” “Niyə ikiyə bölünmək həyatımızı daha yaxşı dərk etməyə kömək edir?”Bu sualı elə Vikontun yaxşı tərəfinin özü Pamela ilə söhbətində cavablayır: “Pamela, ikiyə bölünmüş olmanın yaxşı tərəfi budur ki, yer üzündəki hər kişinin, hər qadının, hər şeyin özündəki əksikliyi ilə bağlı hiss etdiyi ağrını yaxşı başa düşürsən” (səh.70). Kalvino “I nostri antenati (atalarımız)” üçlüyündəki digər əsərlərində olduğu kimi, “İkiyə bölünmüş vikont”da da mövcudluq problemi və həqiqətin sorğulanması məsələsini ön plana çəkib. Müharibədə ikiyə bölünmüş vikontun fərqli yollardan keçərək fərqli zamanlarda evə qayıdan iki yarısı həm dünya ilə, həm də digər yarıyla sürəkli mübarizə içindədir. Vikontun bədəni ikiyə ayrılanda yarısı yaxşılığı, o biri yarısıysa bədnamlığı alıb. Bədnam yarımbədən qarşısına çıxan hər canlını ikiyə bölür, vəfalı süd anasını cüzamlı xəstələrin kəndinə sürgün edir, tarlalarda rastladığı insanlara zəhərli göbələk yedirir, kiçicik günah işləyən kəndliləri asmaqla edam etdirir, hətta bədnamlığını aşaraq asılmış kəndlilərin arasına boş yer qalmasın deyə pişiklər də asdırır; o biri yarıbədənsə onun keçdiyi yollarda etdiyi dağınıqlıqları təmir etməyə çalışır. Sanki müharibədən sonrakı dövrdə yayımlanan “İkiyə bölünmüş vikont”da hər keçən gün parçalanan, şikəst qalan və mövcudluğuna yadlaşan insanın özünə qarşı apardığı amansız müharibəyə işarələr göndərilib. Və bu işarələr bəsit şəkildə deyil, usta yazıçı şeirdə olduğu kimi dilin mümkün bütün qaynaqlarını səfərbər edərək çatdırıb sanki, söz və ifadə seçiminə o qədər canlılıq qatıb ki, əsərin ədəbi gücü təsirsiz keçmir. Kalvino özünün yazıçılıq barədə dediyi “Yazıçı formaya forma verən aktyordur” fikrinin öhdəsindən məharətlə gəlib. Odur ki, “İkiyə bölünmüş vikont”la biz də hadisələrə Kalvinonun qurğusuyla baxış bucağımızı dəyişdirməyi, dünyaya tamam fərqli yerdən, başqa məntiqlə, başqa cür bilmək, təqdisləmək yönündən baxaq. Kim bilir, bəlkə ikiyə bölünmək doğrudan da yaxşıdır, insanı böyüdür, kamilləşdirir. Ceylan MUMOĞLU "Ustad" dergisi ceylanmumoglu.com/article/italo-k...
İkiye Bölünen Vikont
İkiye Bölünen VikontItalo Calvino · Yapı Kredi Yayınları · 2011513 okunma
·
55 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.