·240 syf.··Beğendi
···Okunma: 04 Nisan 2019 11:07 Əhməd Şərif İzgörənin qələmindən oxuduğum ikinci kitab oldu. Yazıçı kitabında Türk təhsil sistemini bir çox tərəfdən gözəl bir şəkildə tənqid edir, daha gözəl bir ölkə üçün əvvəla təhsilin yaxşılaşdırılması gərəkdiyinə diqqəti cəlb edir. Yalnız kitab sadəcə təhsil sisteminin tənqidlərindən ibarətdir desək bu gözəl qələmin sahibinin çəkdiyi əziyyətə haqsızlıq etmiş olarıq. Çünki yazıçı nə qədər də olsa ölkəsinə və xalqına duyduğu sevgini gizlətmədən sanki bu xalqın yanlış etdiklərini əsəbi bir şəkildə şillə kimi üzlərinə vurur. Kitab türk xalqının və təhsil sisteminin ayıblarını göz önünə qoysa da burdan Azərbaycan xalqı olaraq biz də bir çox tənqidi üzərimizə götürə bilərik. Müəllimlərin keyfiyyətindən tutmuş məktəblərin şəraitinə qədər bir çox bəhanə tapan insanlara qarşı İzgörən bu sahədə hər bir şeyin sevgi, zəhmət və fədakarlıqla həll oluna biləcəyinə inanır, təhsil sahəsində həqiqətən də böyük sevgiylə çalışan və sadəcə necə daha çox tələbə hazırlayıb daha çox pul qazana bilərəm deyən müəllimlərə yox, həqiqətən də siniflərindəki şagirdlərə fənlərdən başqa şeylər də aşılayan gözəl qəlbli insanlara insan ümidinin ən son ölən duyğu olduğunu göstərməyə çalışır. İzgörənin şəxsi xatirələri və eyni zamanda ona gələn gözəl məktublara da yer verildiyini nəzərə alsaq, bu kitabı oxuyarkən bəzən sanki yaxın bir dostunuzla söhbət etdiyinizi düşünüb güləcək bəzən isə dünyadakı bir çox insanın çəkdiyi çətinliklər qarşısında qanınız donacaq və bəlkə də gözünüzdən yaşlar da axacaq. Mənə gələndə bu kitabı çox bəyəndim, və bu kitabı həqiqətən də sevəcək dostlarıma məsləhət görüb yazıçının digər kitablarını da oxumağa tələsəcəm. Oxuyan hər bir kəsin sevəcəyi bir kitab olacağından şübhəm yoxdur. Xoş mütaliələr.