“Gözqamaşdırıcı zülmət” romanı özünün təsirli, qorxunc mənzərələri ilə uydurulmuş personaj Nikolay Rubaşovun həyatı və ölümündən bəhs edir. O, inqilab rəhbərlərindən biridir, əllidən çox yaşı var, onu həbs edib türməyə salıblar. Rubaşov türmədə iki müstəntiq tərəfindən əzablı işgəncələrə məruz qalır. Onlardan biri keçmiş dostu və tərəfdaşı İvanovdur, digəri amansız və qəddar, sadist Qletkindir. Öz manipulyasiya üsullarından istifadə edərək onlar Rubaşovu məcbur edirlər ki, heç vaxt törətmədiyi cinayətləri boynuna alsın. Beləliklə, romanda hadisələr iki xətt üzrə inkişaf edir. Birinci xətt – Rubaşovun sorğulanması, işgəncə edilməsi, ikinci xətt – Rubaşovun öz düşüncələri və xatirələridir. Stalin diktaturasının “Böyük Təmizlik”, bəzən də “Böyük Terror” adlandırılan 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kampaniyasından bəhs edən hekayələr, povestlər, romanlar, faciəli xatirələr, analitik məqalələr içərisində Artur Köstlerin “Gözqamaşdırıcı zülmət” əsəri özünəməxsus yer tutur. 1941-ci ildə roman Böyük Britaniyada nəşr olunduqdan sonra ədəbiyyat aləmində səs saldı. Corc Oruell Köstler yaradıcılığı haqqında ayrıca esse yazdı və bildirdi ki, Köstler yaradıcılığının, demək olar, böyük hissəsi məhz “Moskva prosesləri” adlandırılmış hadisələrə həsr edilib. Oruell baş qəhrəmanın prototipi kimi Trotski, Buxarin, Rakovski, yaxud Stalin yolunu dəstəkləməyən başqa köhnə bolşeviklərdən birini gördüyünü qeyd etdi. Corc Oruell romanın dəyərini yüksək qiymətləndirdi və bildirdi ki, həmin dövr üçün Böyük Britaniya yazıçıları içərisində Sovet İttifaqının məyusluğunu ifadə edən Köstler kimi ikinci yazıçı yoxdur.
İncelemenin devamı: ceylanmumoglu.com/article/artur-k...