Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

440 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Məhəmmədhüseyn Şəhriyarın seçilmiş əsərlərinin toplandığı "Yalan dünya" adlı kitabı ilə gəldim. Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi 1906-1988-ci illərdə yaşayıb. O, ən sevdiyi Ədibin kitabını vərəqləyib və qarşısına çıxan adı da təxəllüs götürüb; Şəhriyar! Şəhriyarın vəfat etdiyi tarixdə (18.09.88) İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Şəhriyar deyəndə bayatılardan yadımda qalan misraları burada qoyuram; "Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar." "Mənə öz yarım gərək, neynirəm özgəsini?!" "Sən sevəsən, yad ala, əcəlsiz ölüm budu." Bu misraları oxuyub canı yanmayan, ürəyi sızıldamayan varmı ki?! Şəhriyarın şeirləri, qəzəlləri kimi bayatıları da məşhurdur. Hətta, şairin bayatılarında əks etdirdiyi hislər o qədər təsirli olur ki, Rəsul Rza da özünü saxlaya bilməyib yazır: 'Xalqın yaratdığı bu ölməz bayatıda yalnız fərdi məhəbbətin ifadəsini aramaq səhv olardı. Bu, könül iztirabının yanıqlı ifadəsi, böyük bir hissin, dərin bir məhəbbətin, saf bir duyğunun aynasıdır. Mən bu sözləri qoca bir qarının dilindən eşitdim. Bu bayatını bilməyən azərbaycanlı tapılmaz. Biz bu sözləri beşik başında anamızdan eşitmiş, səfərə çıxan atamızdan öyrənmiş, nişanlı yolunu gözləyən gəlinlərin yanıqlı səsində dinləmişik. Lakin bu gün yetmiş yaşlı bir qarının bu sözləri təkrar edə-edə gözlərini uzaqlara dikdiyini, bəlkə də xəyalında ömrün ağır illərinin kölgə salıb dumanlatdığı şirin bir xatirəni aradığını görəndə, mənim də könlümdə həsrət duyğusu, bir həqiqət, hicran ağrısı baş qaldırdı. ' Söhbət  “Qızıl gül olmayaydı” misralı bayatıdan gedir. İllər sonra Rəsul Rza eyniadlı poema yazacaqdı və ayrılıqların ən zülümlüsünü, geriyə dönüşü olmayan gedişlərin ən dəhşətlisini məhz bu misralarla bağlayacaqdı. Şəhriyarın qəmli-qəmli yazdığı, sadəcə, bayatıları deyildi. Şəhriyarın möhrü vurulan hər vərəqindən gözyaşı axır, şeirlərinin hər misrasından hicran ətri gəlir. Təbii, hər şeyin olduğu kimi, bu qəm dəryasına batmış şeirlərin də yazılmasının bir səbəbi vardı. Seyid Məhəmmədhüseyn Şəhriyarın atası Hacı Mirağa hüquqşünas, anası Kövkəb xanım şifahi xalq ədəbiyyatına, klassik şeirə böyük marağı olan ziyalı bir qadındı. Söz, şeir, ədəbiyyat, kitab mühitində böyüyən Şəhriyarın uşaqlıqdan anasının, atasının dilindən eşitdiyi şeirlər sonralar onun yaradıcılığına təsir etdi. Anası Seyid Əzim Şirvani heyranı olduğu üçün oğlunda da bu şairə sevgi aşılamışdı. Yəqin elə buna görə də Şəhriyar yaradıcılığında Seyid Əzim Şirvanidən təsirlənmələr, onun qəzəllərinə nəzirələr çoxdur. Şəhriyarın könül yarası dərindir, keçilməzdir. Onu Behcətabad parkında sübhə qədər yalqız gözləyən fikirləşəndə, xəyalıma gətirəndə ürəyim parçalanır. Şairin məndəki yeri o qədər başqadır ki, arada "Pəri ilə qovuşsaydı, şair olmaz, biz də bu əsərlərdən məhrum qalardıq." kimi ifadələr işlədənlərə belə hirslənməyim gəlir. Bəzən fikirləşəndə o həddə çatıram ki, öz-özümə deyirəm: 'Yox, kaş, kaş Şəhriyar Pərisinə qovuşaydı, eybi yox, biz bu qəmli parçaları oxumasaq da olardı.' Onu bəlkə də tanımayacaqdım, amma bu qəlbi yaralı, səsi dağlı, titrək, kövrək nəfəsli şairi də görməyəcəkdim. Sürəyya və Əzizə; həyatına girə bilən iki şanslı qadın. Biri ürəyinin, o biri dostunun əmanəti. Şəhriyar demək olar ki, otuz il tək başına Pərinin dərdini çəkib. Qırx yaşında, dostu ağır xəstəlikdən yatağa düşəndə öz ailəsini ona əmanət etdiyini bildirən bir məktub yazır. Bunun nəticəsi olaraq şair məcbur olub dostunun üç qızından biri ilə-Əzizə ilə evlənməli olur. Ancaq bu evlilikdən iki qız, bir oğul - üç uşaq qazansa da, Əzizəni xəstəlikdən evləndiklərinin beş ili tamam olmamış itirir. Beləcə tək, yaralı günləri qaldığı yerdən davam edir. Çox yazmaq olar Şəhriyardan, amma bəzi şeylər mənə o qədər özəldir ki, bölüşməyə qısqanıram.
Yalan Dünya
Yalan DünyaMuhammed Hüseyin Şehriyar · Azərbaycan Ensiklopediyası · 199013 okunma
·
1 artı 1'leme
·
216 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.