Stephenle “Yaşıl Mil” əsəri ilə tanış olmuşdum və çox sevmişdim o əsəri. Amma bu kitabı çox bəyəndiyimi deyə bilməyəcəm.
“Göz” Stephen Kingin ilk yazdığı kitabdır. Dili çox sadə və axıcıdır. Mövzu baxımından qorxulu adlandırılsa da qorxu hiss etmədim sadəcə olaraq bir az psixoloji təsir edir.
Nədən bəhs etdiyinə gəlincə, özəl gücü olan Carrie qızımızın həyatında baş verən dəhşət verici hadisələrdən gedir söhbət. Əslində bu güc Telekinetik adlanan xəstəlikdir ki, bu da çox güclü depressivlik yaşayan, daim incidilən insanlarda baş verir. O anda bu güc vasitəsilə onlar hər şeyi, hətta özünü də məhv edə bilərlər. Carrie White da uşaqlıqdan ətrafı tərəfindən qəbul edilməyən, hər zaman lağ edilən, heç dostu olmayan, incidilən yeniyetmə qızdır. Oxuduğu məktəbdə bir gün elə bir hadisə baş verir ki, bu onun həyatında bəlkə də ən yıxıcı an idi. Elə bu səbəbdən 3 yaşından sonra itirdiyi gücü yenidən qayıtmışdı. Sarsılmışdı, utanmışdı. Dinləyəni, anlayanı yox idi. Hətta ən başda da psixopat anası gəlir. Bu qadın doğrudan da necə deyərlər manyak çıxdı. Dinə olan bağlılığı deyərdim xəstəlik həddinə çatmışdır. Onun üçün yaşadığı hər şey günahdır. Hətta uşaq dünyaya gətirmək, duş almaq belə. Onun Carrieyə etdiyi əziyyətləri, ağılalmaz işgəncələri Stephen elə yazıb yaradıb ki, oxuduqca əsəb təlatümü keçirməmək mümkün deyil. Bu qədər acımasız davranışlara baxmayaraq Carrie yenə də ətrafına uyğunlaşmağa çalışır. Təsəvvür edin kimsə səni sevmir, ancaq nifrət, kin, qəddarlıq edirlər sənə qarşı. Bunun psixoloji travmalara yol daçıdığını da düşünün. Və bütün bunlar 16 yaşlı qızın başına gəlir. Amma sonu gözlədiyim kimi bitdi. Kitabı bağlayanda “hər kəs öz cəzasını lazımınca aldı” dedim.