Dan Browndan oxuduğum ikinci əsərdir və deyə bilərəm ki, müasir yazarlardan ən sevdiyim yazardır Dan. Bu insanın təxəyyül gücü, biliyi, dünya görüşü o qədər genişdir ki, oxuduqca hər səhifəsində saxlayıb, əlimə telefon alıb tez “google” daxil olub araşdırmalar edirdim. Yenə də bilmədiyim bir çox tarixi əsərləri öyrəndim, xəyalən İtaliyanın, Türkiyənin tarixi yerlərini gəzdim. Sözün açığı kitab elə bil labirint idi. çox sevərək oxudum.
Roman, Harvard Universitenin simvollar və sənət tarixi üzrə professoru Robert Lanqdonun sərgüzəştləri üzərinə qurulub.
Dünyanın elə bir nöqtəsindəyik ki, sonla aramızda sanki bir addım var. İnsan sayı o həddə çatıb ki, artıq insanlığın son həddi kimi. Bunun çarəsi isə yalnız insan nəslini azaltmaqdır. Elə buna görə də tanınmış mütəxəssis Bertnard Zobrist bütün bəşəriyyətin ölümünə səbəb olacaq “sonsuzluq” virusu hazırlayır və bunu dünyaya yaymağa çalışır. Maraqlısı isə Zobristin bu virusu Dantenin “İlahi komediyası”i ilə əlaqədardır. Bu virusu tapmaq missiyası isə Robert Lenqdonun üzərinə düşüb. O və onun həkim rəfiqəsi Sienna sirlərlə dolu olan sualların cavablarını tapmaq üçün birlikdə bu əməliyyatı yerinə yetirməyə çalışırlar. Və ən maraqlısı isə bu virusun şifrələrinin açarı Dantenin şeirlərindəki sətirlərdədir. Bəs bu təhlükəli və təqiblərlə dolu olan hadisələrin girdabında qalan Lenqdon bəşəriyyətin məhvinin qarşısını ala biləcəkmi?
Hər səhifəsi maraq doğurur “belə olsa nələr baş verər?” deyirsən. Əsəri daha da maraqlı edən Dante Alqyerinin təsvirləri, Botiçellinin bu əsəri rəsm üzərində fırçalarla canlandırmağı, tarixi məkanların sirləri, Florensiya və Venesiya tarixi eyni zamanda İstanbulun Ayasofyası, Mısır çarşısı və bol macəralarla dolu hadisələr oldu. Mən deyərdim bu roman həm də incəsənət əsəridir.
Dan Braun həm də dünyada bu gün baş verən bir çox problemlərə, Səhiyyə, insan alveri, aclıq, insan artımı nəticəsində heyvanların nəslinin kəsilməsi kimi qlobal problemlərlə bağlı bir sıra mövzulara da toxunub. Bu sənət əsərini gecikdirmədən oxuyun və oxutdurun