Istanbuldan alınıb, Batumda başlanıb, Tiflisdə bitib, Bakıda haqqında rəy yazılan kitab! Çox qəribəsi odur ki, Batumda, Qara Dəniz sahilində günəş qəbul edərkən, kitabda Batum və Tiflisin adı keçirdi.
Zorbanı mənə çox əziz və fikirlərini çox bəyəndiyim bir insan məsləhət görmüşdü. Daha düzü, bir tərəzi olaraq, sevdiyim insanları daha yaxşı anlamaq üçün onların sevdiyi, oxuduğu kitabları, musiqiləri, kinoları araşdırmağı sevirəm.
Nikos Kazancakis, müasir yunan ədəbiyyatının təməl daşlarından biri hesab olunur. Modernist üslubda yazdığı üçün hər kəsin bəyənməsi bir az müşkül məsələdir. Kitabı oxuduqca aram-aram Oğuz Atay, Hakan Günday dadı gəlirdi, sonradan məlum oldu ki, sən demə bizim oğlan da modernist imiş.
Kitabdan aram-aram sosializm iyi gəlir, hamısı da Kazancakisin Stalinə heyranlığından irəli gələ bilər. Onu da deyim ki, Mussolini ilə görüşüb, müsahibə də alıb oğlumuz, axı o həm də jurnalist idi.
Kitabda bir-birindən tamamilə zidd amma eyni qapıya çıxan iki obraz var. Kitan avtobioqrafik xatakter daşıyır. Kazancakis fəlsəfə oxuduğu (ilkin təhsili hüquq olsa da) üçün dissertasiyasını Nietsche’nin fəlsəfəsi üzərində yazdığı üçün onun ətri də hiss olunur. Fundamental suallara cavab axtarılır və hissə-hissə cavab verilir. İnsan kimdir? Ölüm nədir? Ölüm niyə var? Tanrı varmı? Şeytanla Tanrı eynidirmi?
Kitab özünü axtarmaq üçün yollara çıxan, kitab qurdu, zəngin, intellektual müdir və iş axtaran, geyməyə çulu, yatmağa yeri olmayan, oxumamış, amma müdirin cavab tapmadığı bütün suallara təcrübəsi ilə cavab tapmış Aleksi Zorbanın dostluğundan danışır.
Xoş mütaliələr!