Puan vermedi·211 syf.··Beğendi
· Coetzee Şimali-Afrika doğumlu, linqivist, yazıçı, tərcüməçi və 2003-cü ildə Nobel mükafatı laureatıdır, həmçinin oğlumuz Booker Prize`a da iki dəfə layiq görülmüşdür. Coetzee ilə tanışlığımız Filologiya fakültəsində təhsil aldığım ədəbiyyat dərslərinin birinə dayanır, kitabın özünü oxumamış olsa idim də Barbarları gözləyərkən və Rüsyaçılıq əsərlərinin analizlərini etmişdik və o vaxtdan oxunacaqlar siyahımda idi. Daha sonradan yollarımız bir daha kəsişdi və ilk `Barbarları gözləyərkən`, daha sonra isə `Maykıl K.-nın həyatı və zəmanəsi` ni oxudum.
Coetzee`nin özünəməxsus yazı üslubu var, sanki obraz səninlə söhbət edir. Bir növ Zwieg`a bənzəsə də, Coetzee`də daha kəmşirin bir dad var.
`Barbarları gözləyərkən` 1980-ci ildə `Penguin` nəşriyyatında çap olunub və `Great Books of 20th Century` seriyasına aiddir. Yazıçı kitabın adını yunan şairi Constantine P. Cavafy`nin eyniadlı şerindən götürmüşdür. Baxmayaraq ki, mənə davamlı olaraq Samuel Beckettin `Waiting for Godot`u xatırladır. Əsərdə yerli əhali davamlı olaraq Barbarların hücumunu gözləyirlər, amma barbarlar həqiqətdə varmı? bundan belə xəbərsizdirlər. Əslində isə `barbarlar`, əzəli düşmən cəmiyyəti nəzarət altında saxlamaq üçü n uydurulmuş xəyali varlıqlardır. Əsərdə köləlik psixologiyası araşdırılır və `yox` cavabı almamaq üçün əl atılan ucuz oyunlardan bəhs edilir.
`Maykıl K.-nın həyatı və zəmanəsi` 1983-cü ildə çap olunub və `Booker Prize` mükafatına layiq görülmüşdür. Əsər Maykıl K adlı bir obrazın 1970-80-ci illərdəki vətəndaş müharibəsi zamanı Cape Town`dan anasının doğulduğu kənd Prince Albert`ə olan səyahətindən bəhs edir. Maykıl K obrazı tənqidçilər və ədəbiyyatçılar tərəfindən Kafka`nın Qəsr əsərindəki obraza bənzədilir. Amma üslub cəhətdən çox da əlaqə görməsəm də, ümumi ümidsizlik, baş verən dəyişikliklərdən yayınıb olduğu kimi həyatına davam etməkdən sarı bənzəyirlər. Əsər üç hissədən ibarətdir, Cape Town, Prince Albert və yenidən Cape Town. Dovşan diş olaraq doğulmuş Maykıl atasını heç vaxt tanımır, yetimxanada böyüyür və heç bir zaman anasından sevgi görmür. Yaşa dolduqdan sonra isə şəhərdə bağban işləməyə başlayır, ta ki xəstə anası doğulduğu kənd Prince Albertə getmək istəyənədək. Bir çox obrazlardan fərqli olaraq (məncə elə burda Kafka ilə bənzəyirlər) Maykıl K cəmiyyətə ayaq uydurmağa çalışmır, sadəcə kənara çəkilərək küləyin süpürdüyü mavi səmaya baxır, zirzəmidə tapdığı tumlardan balqabaq əkir və həyatında ilk dəfə aidlik hissini dadır. Lakin, bunun azadlığını çərçivələdiyini anlayaraq ordan qaçır.
Ümumi götürsək, düşünürəm ki, mən Coetzee`nin qələmini, üslubunu bəyənirəm. Sizə də xoş mütaliələr!