Görüləməmək…
Çox tez böyüyürəm, çox tez böyüyürük. Məgər bu heç kimi narahat etmir? Etsə də, əlimizdən nə gəlir ki… Başa düşürəm amma düşməkdə istəmirəm. Dünən kimi yadımdadır — anamla atam əlimdən tutub Bakıya, "karusellərə" aparmaları. Hər hansı restoranda dönər yeyəndə necə də xoşbəxt idim. Yəqin ki, indi yadımdan çıxmayıbsa, heç vaxt da çıxmaz… Bəs indi? Bu gün Almaniyadan gələn dayım qızım və anamla şəhərə çıxmışdıq. Dayım qızı uşaqlıqdan məni gəzdirərdi, ona görə onu ayrı sevirdim. İllərdir Almaniyada olduğuna görə bura yadından çıxmışdı, çox darıxmışdı. Gözəl bir restoranda yemək yedik, sonra şəhərdə kofe içdik, başqa maraqlı yerlərə apardım onları. Dəfələrlə şəkillərini çəkdim, yol boyu onlara baxırdım — üzlərinə rəng gəlmişdi sanki. Əvvəl rayonda qalırdıq, şəhərə gəlmək böyük bir şey idi. İndi şəhərdə evimiz var, amma onlar istədikləri kimi gəzə bilmirlər. Əvvəllər valideynlərim məni şəhərə çıxarır, şəkilimi çəkirdilər; indi isə tam tərsinədir. O an həm xoşbəxt idim, həm də bu məni kədərləndirdi. Məgər həyat bu qədər sürətli və önəmsiz axmalıdır? Gözümü açıb bağlayacağam — uşağımla eyni ssenari yaşanacaq bəlkə də. Hələ çox gəncəm, 24 yaş… Bəlkə də çoxdur, bəlkə də yox. İndidən bir çox yük var üstümdə, indidən çox fikirliyəm, çox çətin yaşayıram bu həyatı, bu ki beləmi olmalıdır ? Bir gün mən də torpağın altında olacağam, amma bəlkə də heç vaxt bu dünyanın mənasını anlamayacağam — xoşbəxt olum ya olmayım. Hamınıza gözəl həyat arzu edirəm millət. Arxa fondakı mahnı: Nocturnal Waltz, Johannes Bornlöf
Hayata Dair