O, həqiqətin elə bir məqamı ki, o məqamda həqiqət özü yalandır.
O, ədalətin elə bir həddi ki, o həddə ədalət də nalandır.
O, məhəbbətin elə bir səddi ki, ona aşiq olmaq şirkə aparar adamı. Deyərlər, "Gözün aydın, keçdin bütün sərhəddi". Bir şey də var, əlbəttə, Eşqdə dəlilik qaçılmaz, Aşiqdə küfr imandan - anlaşılmaz.
Biz səni böylə sevdik, ey bütün dövrlərin ən gerçək günəşi, işığı, istisi, ey İslamın hamisi, ey bütün zamanların və məkanların Hüseyn Əfəndisi. Sənə and verirəm qəlbimizdəki bu müqəddəs yerinin xatirinə, Allahdan bizə bağışlanmaq dilərsən. Deyərsən ki, "Onlar sənə şərik qoşmurdular. Əsla. Sadəcə, belə sevə bilirdilər məni..."
Ey hər şeyi bilən və görən Allah. Bütün pisliklərdən sənə və Hüseyn eşqimizə sığınırıq. Bizi tənhalıqla imtahana çəkmə. Səndən xahiş edirəm, bizi doğru yola yönləndir - xilas olmuşların yoluna.
Biz, ölümlərin ən şərafətlisinə, ən dirilişlisinə yas tutarıq yüz illərdir. Yas tutarıq ki, bəlkə nicat tapaq. Amma nicata təkcə yas tutmaqlıqla varılmaz. Biz İmam Hüseyn, Əhli-Beyt məktəbinin prinsipləriylə yaşamalı, onların ədalətinə tapınmalıyız. Bir düşünəlim, gündəlik həyatımızda nə qədər iştirak edir Kərbəla? Biz gün ərzində neçə dəfə İmam Hüseyn yolunun heç olmasa kandarından keçə bilirik? Ümumiyyətlə, ömrümüzdə bircə dəfə də olsun o yolun tozuna layiq olmuşuqmu? Allah necə haqdı!