Həmişə yolun sonuna yox, qarşıya, bir addım irəliyə baxmaq lazımdır. İnsan hər kiçik cəhdi uğur sayarsa və hər növbəti addımını hədəf seçərsə, hədəfin yaxın olmasından həvəslənər, yola ruh yüksəkliyi ilə davam edərək bir-bir bütün maneələri aşar.
Hər şeydə ibrət axtaran insanın hər günündə nəsə mənalı bir hadisə baş verir. Daha doğrusu, hər sıravi varlıq, hər hadisə ibrətə, həyat özü böyük bir məktəbə çevrilir. Qarışqadan əzmkarlığı, dənizdən səbri, fəsillərdən hər yaşın öz önəminin, gözəlliyinin olduğunu, havadan aramlığı, dağdan əzəməti, dözümü, xəstəlikdən sağlamlığın dəyərini, ölümdən zamanın heç kimə güzəştə getmədiyini və hər anı dəyərləndirməyin zərurətini öyrənir.
Bir gün mütləq sizi dəyişəcək bir kəlməyə rast gələcəksiniz. Bəzən beynimizdəki bütün qıfılları açmaq üçün həmin açar sözə rast gəlməyimiz kifayət edir.