Niyə düşünürük ki, ən mükəmməl insan olmalıyıq? Özümüzü nə zənn edirik, Tanrı, mələk, ya fövqəlbəşəri qüvvələrə sahib varlıq? Belə deyilsə, nəyə görə bizim də xəta etmək imkanımız olduğunu qəbul etmirik? Adi insanıqsa, səhv də edə bilərik, işlərimiz də alınmaya bilər, hətta yüz dəfə büdrəyib yıxıla da bilərik. Biz mükəmməl deyilik. Məsum da deyilik, hətta çox ciddi xətadan belə sığortalanmamışıq. Axı nə haqla özümüzdən qeyri-mümkün işlər tələb edirik?
Əgər “yox” deyəndə içinizdə günahkarlıq hissi yaranırsa, bir şeyi xatırlayın: öz mövqeyini qorumaq heç vaxt ayıb deyil. Hamını razı salmaq kimi bir öhdəliyiniz yoxdur. Öz istəklərinizə, ehtiyaclarınıza əks gedib başqalarını razı salmaq, özünə dayaq olmamaq ayıbdır. Odur ki, əslində, özünüzə etdiyiniz zülmə görə günahkarlıq hiss etməlisiniz.
Əgər bizdən asılı olmayan işlərə görə narahat olmasaydıq, həyatımız daha rahat keçər, özümüzü daha xoşbəxt hiss edərdik. Yeməklər daha dadlı gələr, az yatmaqla daha çox dincələr, gələcəyi fəlakət kimi görməzdik.