"... Dalıyca ora qaçacaq və görəcək ki, elə bu dəm Tehmine liftin içinə girdi. Zaur liftin qapısına tərəf atılacaq, amma qapılar bu vaxt bağlanacaq. Zaur divardakı işıq tablosuna baxacaq - tabloda liftin hərəkəti görünəcək - mərtəbələrin rəqəmləri bir-birini təqib edəcək - 2, 3, 4, 5, 6. Lift altıncı mərtəbəyə çatıb dayanacaqdır. Zaur düyməni basacaq və lift yenidən birinci mərtəbəyə qayıdacaq. Zaur liftin içinə girəcək, altıncı mərtəbənin düyməsini basmaq istəyəcək və bu zaman məlum olacaq ki, altıncı mərtəbənin düyməsi yoxdur, çünki altıncı mərtəbənin heç özü də yoxdur, ev beş mərtəbəlidir."