O bütün gözəlliyi və amansızlığı ilə qarşımda dayanmışdı. Mən subay çağlarımda ideal ailə həyatı haqqında çox düşünərdim. Bu da sənə ideal ailə! Bu da sənin müqəddəs həyat yoldaşın! Sən onun səadəti üçün özünü od-közə vurursan, o isə, səni vəzifəbazlıqda, saxtakarlıqda təqsirləndirir. Bundan sonra gəl səmimiyyətdən, məhəbbətdən danış!
Mən belə güman edirdim ki, istər ailə cəhətincə, istərsə də təhsildə, hətta xarici görünüşdə də qız oğlana nisbətən bir pillə aşağıda dursa, yaxşıdır. O zaman sözün (əlbəttə, əgər sən ədalətli və ağıllı bir ailə başçısısansa) daha kəsərli olar. Sən ailə barəsində öz fikirlərini (əlbəttə, haqlı fikirlərini) daha asanlıqla həyata keçirə bilərsən.
Bilirdim ki, hər gənc ailənin gələcək səadəti, birinci növbədə ailə başçısının ağıllı hərəkət etməsindən asılıdır. Mən boş xəyallara, təsadüflərə bel bağlayanlardan deyildim. Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə düşünülmüş möhkəm plan üzrə hərəkət etməsini istəyirdim, həyata qarşı həmişə hücumçu olmaq fikrindəydim. Daha doğrusu, bu mənim prinsipim, əqidəm idi. Mən müdafiə mövqeyində dayanmağa nifrət edirdim.