Xeyr, mən nə etdiyimi bilməyəndə, elə nə etdiyini başa düşməyən adam kimi də görünürəm. Həyəcanlananda və ya əsəbiləşəndə, həyəcanlı ya da əsəbi görünürəm. Yolumu azanda isə – bu tez-tez baş verir – istiqamətini itirmiş kimi görünürəm. Simam fikirlərimi ötürən bir cihaz kimidir.
Bəlkə tanrı hansısa bir səbəbə görə mənim həmin çətinliklə qarşılaşmağımı istəyir. Ona görə də yekunda nə baş verəcəyindən asılı olmayaraq tanrıdan həmin çətinliklərlə üzləşdikdə soyuqqanlılıqla mübarizə apara bilmək üçün mənə güc verməsini istəyəndə özümü daha rahat hiss edirəm.
Bir dəfə dahi sufi şair və filosof olan Rumi tələbələrinə həyatda ən çox istədikləri üç arzunu yazmağı tapşırır. “Əgər siyahıdakı hər hansı bir maddə digərinə ziddirsə”, – deyə Rumi xəbərdarlıq edir, – “bədbəxtliyə məhkumsunuz”. O, tələbələrinə həyatda bəlli bir məqsədə sahib olmağın ən yaxşı seçim olduğunu öyrədirdi.
İllərdir ki, işləyən, istehsal edən, son təslim vaxtını heç vaxt qaçırmayan, sevdiklərinin qeydinə qalan, onların diş əti, kredit hesabları, səsvermə hüququ və sairə ilə maraqlanan intizamlı bir əsgər rolunu icra edirdim. Doğrudanmı bizim həyatımız ancaq öhdəliklərdən ibarətdir?