Sənə qədər bilmirdim
belə də ola bilər
hissə - hissə yaşana bilər məhəbbət.
Məsələn, yalnız səs qulaqları ala bilər,
təbəssüm ürəyi,
pencək əlləri çağırar.
Mən bilmirdim -
insanlardan daha çox aradakı məsafə çığırar,
ağrıyar çıxılmazlığa.
Bilmirdim -
barmaqlıqlardan da almaq olar dodağın hərarətini.
Soyuq həmişə isinməyə işarə deyil,
qaranlıq yaxınlıq üçün deyil həmişə.
İndi çox şeyi bilirəm
və məəttəl qalıram bu işə.