Hamlet- Ofelia xətti diqqətçəkən nüanslardandır. Onların arasında sevgi var. Lakin elə sevgi ki, bir anda nifrətə çevirib öldürə bilər qarşındakını. Ofelia Hamleti bəlkə də Hamleti onu sevəndən daha çox sevir, onu görəndə qəribə olur, özünü itirir. Lakin atasının,qardaşının ona təzyiqləri bəlkə də öz sevgisini etiraf etməyə imkan yarada bilmir. Hamletin Ofeliaya sevgisi nə qədərdir bəs? Bəlkə Hamlet heç Ofeliani sevmir ? Ya da bu qədər sevən insan niyə həm onun sevgisindən ,həm də özünün sevgisindən imtina edir ki? Bunların hamısının bir açıqlaması var, zənnimcə. Hamlet mənən yorulur. Sevgini qaldıracaq gücü özündə tapmır, nifrəti isə həm özünə ,həm də insanlara qarşı aşıb-daşır. Özünə olan nifrəti atası ilə bağlı olduğu halda ,qəribədir ki insanlara olan nifrəti də məhz atasının ölüm halı ilə bağlıdır. Bəs sevgi necə ?! Onun Ofeliaya olan məhəbbəti bir vaxtlar elə gözəl imiş ki, Ofeliaya bədahətən şeirlər həsr edirmiş. Lakin hər şeyin qəribə və acımasız sonu olduğu kimi bu sevginin də bir sonu vardır. Hamlet özünü dəli kimi apardığı vaxtlarda Ofelia onun üçün qorxur, bu sevdiyini itirmək qorxusudur.Lakin bir tərəfdən atasının Hamlet tərəfindən öldürülməsi onda çaşqınlıq yaradır.Bundan sonra Ofelia artıq əvvəlki kimi sevgi arzulayan Ofelia deyil, tamamən sərsəri halda olan Ofeliaya çevrilir.Bəlkə də Onlar elə bir-birlərinə olan sevgilərini məhv edirlər. Hamletin fikir qarışıqlığı, Ofelianin atasına uyması, Hamletin ata qatilini axtarması , Ofelianın çayda adi bir şəkildə boğulması sevginin yüksələn xətləridir.