Odlu diyar
40- ci illərdə yazılmış, sovet təsirinin xeyli hiss edildiyi tarixi roman. 1187- ci il Şirvanşahlar dövlətində başlanan hekayədə saf və mərd Səlimin, Axsitanın qızı gözəllər gözəli Dilbərlə nağılvari eşqi, bol- bol saray intriqası, İraq Səlcuq sultanı III Toğrul, atabəy Qızıl Arslan və Axsitan arasında ədavət, qıpçaqların Bakıya hücumu əsas sujeti təşkil edir. Romanın pis obrazları, Toğrul, Qızıl Arslan və din adamlarıdır. Bunlar cidd-cəhdlə şaha qarşı durur, şahın Gürcüstanla yaxınlaşmasını istəmir, Qafqaz birliyinə maneə olmaq istəyirlər. Din adamları planları açılmasın deyə şair Səlimə oyun qururlar, məscid onların öz pis niyyətlərini həyata keçirmək üçün qərargah rolunu oynayır. Romanda heç bir qadın mənfi rolda təqdim edilmir, əksinə qıpçaqlara qarşı müqavimətdə kişilər qədər əllərini daşın altına qoyur, Dilbər qardaşı Mənüçöhrün yerinə keçib həll edici hücuma başçılıq edir, Odlar qızı qalanı müdafiə edir, vətəni üçün sevdiyini öldürür, Səlimin anası mərd kəndli qadın nümunəsindədir və s.
Romanın sonu tamamlanmamış olsa da, süjet tamamilə yarım qalmır.