İnsanlar qəlblərini axtarmağa başladılar. Qəlbləri bu günə qədər açılmayan cehizlik sandığa oxşayırdı. İçindən hər şey çıxdı, saman çöpü ağırlığında yaxşı əməldən başqa.
#pi
Uşaqlıqda süd dişlərinin başına sap keçirə bilən adamlar, böyüdükdə kabuslarının boynuna kəndir keçirməyi yaxşı bacarırlar. Bu da edamın bir növüdür. Kabuslarını edam edə bilməyən adamlar isə, səhvən kəndiri öz boyunlarına keçirib intihara əl atırlar. İndi bunları haradan bildiyimi soruşmaq istəsən, sənə on səkkiz il ərzində boynuma keçirdiyim kəndirlərin izini göstərə bilərəm. Bu kəndirin izlərini adi insan gözü ilə görmək mümkün deyil. Əgər haçansa boynuna keçirdiyin kəndirlərdən biri qırılıbsa, boynumdakı kəndir izlərini asanlıqla görə bilərsən.
#pi
Azad insan. Sanki namus, qeyrət qohumluq əlaqələri ilə qidalanır. Qohumluq əlaqən qırıldısa, azadsan. Nə istəsən edə bilərsən. Bu namus deyil, ailə qınağıdır. Namus çox nadir keyfiyyətdir. Səni qınayan heç kəsin olmayanda belə onu qoruyur-sansa, demək namuslusan.