Məşhur İsveç romançısı, şairi və dramaturqu Per Fabian Lagerkvist 1891-ci il may ayının 23-də Cənubi İsveçin kiçik Veksö şəhərində anadan olub. O, Anders Yohan Lagerkvistlə İohanna Lagerkvistin yeddi uşağından ən kiçiyi idi. Atası əvvəlcə fermada çalışırdı, sonra isə dəmir yolunda işə düzəlmiş, uzun müddət yol nəzarətçisi olmuşdu.
1910-cu ildə orta məktəbi bitirən Per təhsil illərində Çarlz Darvinin, dövrünün digər qabaqcıl alim və yazıçılarının əsərlərini oxuyaraq, ailəsinə xas mühafizəkar lüteran tərbiyəsindən ciddi fərqlənən dünyagörüşə sahib olur. Orta təhsilini başa vurandan sonra o, iki il ərzində universitetdə ədəbiyyat və incəsənəti öyrənir.