Küçədə laübalı addımlayan adamlar
duya bilmir
Qoqolun Şinelindən yayılan
xroniki ağrını.
Hiss edirəm
Yaraların qabıq bağlaması üçün
hüceyrələrin törətdiyi qırğını.
Suyun üzündəki hava qabarcıqları,
Altındakı çırpınışdan xəbər verir.
Buna oxşar kürəciklər
beyin yarımkürələrində üzür.
Beyin, hakimiyyət kürsüsündən
100 illik qəmin hökmünü oxuyur.
Xəyalımda, heç vaxt görmədiyim,
Xoşbəxtlikdən intihar edənlərin ölkəsi.
Bir qapı aralıda, yağış altında yuxuya gedən,
küçələri torpaq qoxan ölkəmin
subtropik bölgəsi.
Ürəyimdə gilyotin sevdası.