Sabina Nasifin- Səmada görüş kitabını oxuyub bitirdim.
Əsər müəllifin ilk əsəridir. Fəlsəfi -poetik dildə yazılmış roman insanın daxilinə səyahət hekayəsidir.
Əsərin baş qəhrəmanı Səda təyyarə uçuşu zamanı öz ruhunun dərinliklərinə doğru yola çıxır. Əsərin kulminasiya nöqtəsi qəhrəman Sədanın Riyad şəhərində yaşadığı daxili aydınlanma ilə baş verir. Bu, “Ağın qaraya eşqi” metaforası vasitəsilə göstərilir. Həqiqi hüzur və harmoniya yalnız ziddiyyətlərin birliyi ilə mümkündür. İnsan öz içindəki qaranlığı səmimi şəkildə qəbul etmədən, gerçək işığa çata bilmir. Şəhərdə qadınların qara, kişilərin isə ağ rəngli geyimləri ilk baxışda Sədaya sərt bir ənənənin təzahürü kimi görünür. Lakin bu rənglərin qarşıdurması onu yavaş-yavaş dərin düşüncələrə aparır. Səda bu mənzərədə qadın və kişi, ağıl və ruh, qaranlıq və işıq kimi əks qütblər arasında gizlənmiş vəhdəti kəşf edir. Sədanın Yaradanla qurduğu daxili dialoqlar, ona verdiyi suallar oxucunu çox düşündürür.
Kitabda QR kodlar vasitəsilə müəllifin öz səsi ilə səsləndirdiyi esse və şeirlərə keçidlər təqdim olunub. Əsər oxucunu sanki bir musiqili meditasiya səyahətinə çıxarır.
Düşündürücü dialoqlar, monoloqlar çoxdur.Əsərin süjeti həm var həm yoxdur.Daha çox baş qəhrəmanın özü ilə söhbəti formasında qələmə alınıb.
İnsanların çoxu səbəbini anlamadığı kədəri unutmaq üçün hər şeydən uzaqlaşır, sərhədlər aşır, amma nəticədə heç yerdə hüzur tapa bilmirlər. Vətənin içində də, çölündə də qürbət həyatı yaşayırlar. Halbuki qəribçiliyə səbəb uzaq sərhədlər deyil, daxildəki uşaqla araya çəkilən sərt sərhədlərdir.
Xoş mütaliələr.Kitabla qalın