İnsanın ən böyük dərdi başqalarının zərbələri deyil — özünə xəyanətidir. Çünki insan dünyadan gizlənə bilər, hətta ən yaxınlarının gözlərini aldada bilər… lakin öz içindəki həqiqətdən yayınacaq bir kölgə belə tapmaz.
“Səninləyəm” məhz bu görünməyən yaraların, insanın öz-özü ilə apardığı gizli savaşın hekayəsidir. Biz çox zaman özümüzü dünyadan qorumağa çalışırıq, amma unuduruq ki, ən ağır hücum bəzən elə özümüzdən gəlir — görmək istəmədiyimiz, üstünü örtdüyümüz doğrunun içimizdə yaratdığı çatdan.
Kitab oxucuya göstərir ki, insan başqasının xəyanətini qəlbindən silə bilər, zamanla yüngülləşdirə bilər, hətta arxada buraxa bilər…
Amma özünə xəyanətin izi nə unutdura, nə də susdura bilir. O iz insanın yaddaşına deyil, ruhuna hopur.
Lakin əsər həm də ümid işığıdır: insan özünü itirsə belə, yenidən tapmağın yolu var. İçindəki dağınıqlığı yığmağın, parçalanmış mənliyi bərpa etməyin mümkünlüyünü bir insanın Allaha münacatları ilə hiss etdirir.
Bu əsər insanın özünü bağışlamağa doğru çıxan uzun yolunu, iç sızıltısının fonunda baş verən yenidən dirçəlişini və itirildiyini düşündüyü mənliyə qayıdışını səmimi, sarsıdıcı və bir o qədər də real dillə təsvir edir.