"... Vaxt tənbəl-tənbəl keçirdi. Sərnişinlər maşının diktə etdiyi ritmlə yırğalanırdılar. Təsadüf onları bir yerə - bu ağ mikroavtobusun salonuna yığmışdı. Bu darısqal salonda onları bir-birinə qətiyyən bənzəməyən, çox fərqli insanları yalnız bir şey birləşdirirdi: yol. Onlar mənzilbaşına nə vaxt çatacaqdılar, ya çatacaqdılarmı - bunu heç kim bilə bilməzdi. Bunu yalnız taleyin hökmü təyin edirdi. Yol uzanırdı. Sanki heç bitməyəcəkdi. Sərnişinlərin başqa bir ümumi cəhəti də vardı: onların hər biri insan idi. Onların şüuru, yüksək tezliyə malik düşüncəsi vardı. Bu insanların beynində fikirlər dolaşır, xəyalı zəkasının, intellektinin imkan verdiyi qədər, sonsuz kainatın ən əlçatmaz yerlərinə kimi gedib çıxa bilirdi. Onların hər birinin beynində bir dünya vardı. Bu dünyalar yalnız burada - ağ mikroavtobusun salonunda kəsişirdi. Nə qədər qəribədir! Balaca bir məkana gör neçə dünya yerləşir. Maddi olmayan dünyalar. Xəyal dünyaları. İnsan zəkasının rəvac verdiyi qədər geniş dünyalar. Bir-birinə qətiyyən bənzəməyən, müxtəlif rəngli ruhsal dünyalar..."