Tir-tir əsdiyini hiss etdim. Mən də çox qorxmuşdum. Bir-birimizin üzünə baxmağa ürək eləmirdik. Birdən göz-gözə gəldik, rəngimiz ağ-appaq idi. Qucaqlaşdıq. Möhkəm-möhkəm sarıldıq. Sevinc var gücü ilə əllərimdən yapışmışdı. Üzümdə isti bir şey hiss etdim. Tez də yox oldu. Çənəmə doğru süzüldü. Sevincin göz yaşı idi. Onu özümə sarı sıxdım. – Qorxma, yanındayam, – pıçıldadım. İçini çəkməyə ara verdi. Sinəsi hələ də sürətlə qalxıb-enirdi. Qəfildən dodaqlarını dodaqlarıma yapışdırıb marçıltı ilə öpməyə başladı. Bir-iki saniyə də belə davam etsəydi huşumu itirəcəkdim..