Könlüm körpə bənövşə
Tək qalsa dönər birdən.
Könlüm nazik bir şüşə
Əl dəysə sınar birdən.
Yolun çatmır başamı,
Vüsal dönüb daşamı?
Qurut bu göz yaşımı,
Baxdım gözlər qəmli, baxışlar ürkək,
Mən susdum, qurudu dilim də sanki.
Bir əldən tutdum ki, atəşli, titrək,
Reyhan topasıydı əlimdə sanki,
Birdən ulduzlar da yerə endilər,
Şimşəklər hay verdi ürək ahıma.
Sanki şəfəqlər də ətirləndilər,
Min sevincə dəyişmərəm uğrundakı bircə qəmi,
O qəm mənə bəxş eləyir ölməz, itməz bir aləmi.
Hər bəzmdən, hər nəşədən dadlı imiş cövrün sənin,
Qəhrin də xoş mehrin kimi, ey könlümün cəhənnəmi!
Yalnız sənin qulunam mən, heyif qulluq
bacarmıram,
Can məlhəmim əlindədir, nə qəm, qıyma o
məlhəmi.
Gülümsədi qoşa püstə, dedin: - Məndən vüsal istə.
İstəyimmi? Heç bilmirəm bir vəslinə dəyərəmmi?
Mənim könlüm səndən savay heç bir kəsi istəməz, yox,
Sən kiməsə bənzəmirsən, sənə kimsə bənzəyərmi?
Çaldı yenə qəlbimi bir gözəlin gözləri,
Tərk eləyir canımı ruhum - onun şəhpəri.
Gül dodağın gülməsi balmı qatar qaymağa,
Püstən utandırmada şərbət ilə şəkkəri.
Kirpiyini bir də çal, qǝşş eləsin qoy mələk,
Zülfünü at çiyninə, nalə qoparsın pəri.
Pozdu telin islamın rövnəqini, ey gözəl,
Sən var ikən yox lüzum biz qınayaq kafəri.
Ah, belə bir hüsn ilə çıxsan, inan, çöllərə,
Gün vurular hüsnünə, Ay da olar müştəri.
Ağlımı başdan edib açma o zəncirləri,
Çin-çin edib zülfünü saçma ətir-ənbəri.
Versə ləbin azca mey, nalə çəkər çəngü-ney,
Ruhum olar meypərəst, gözlər - onun sağəri.
Ah, o cǝmalınla sən, lütf cəlalınla sən,
Könlüm olar bəxtəvər, bir dəfə baxsan bəri.
Hicrin ilə xəstədir bəndə Nizamin sənin,
Əmrinə hazır durub, şad elə bir çakəri.
Səni göz nurum, həyat məqsədim, ömrüm bilirəm,
Üzü ay, gün şəfəqi, gül dodağı qənd, a gülüm!
Məni bir şəm ilə öldürmə, de, pərvanəmiyəm?
At qılıncı ki, mən atdım yerə qalxan da, gülüm!
Yenə tövbə evimi eşq xərab etmədədir,
Aşiq iftarını sevda meyi-nab etmədədir.
Könlümə bir mələyin sevgisi od saldı, adı,
Günü də, Zöhrəni də göydə sərab etmədədir.
Onun eşq atəşi hər qəlbə girər, amma nədən,
Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?
Gözlərin baxdı mənə, söylədi: səbr et, səninəm,
Doğrusu, səbr edərəm, ömr şitab etmədədir.
Ahu gözlüləri yatmış zaman ovlar ovçu,
Ömr röyadə şikar olmağa tab etmədədir.
Məsləhətdir, məni qovmaqdan isə versin əzab,
Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.
Gər Nizamini xəta isə həlak etdirmək,
Aşiqəm, yar məni öldürsə səvab etmədədir.
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?
Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.
Dedi: - Getmək dəmidir, söylə, nə istərsən yar?
Bir öpüş istədim ondan... Yeri var, gəlmiş idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.
Ey Nizami! -dedi, - birdən ayılıb, gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Hər varlığın üzərində həlak, ölüm damğası var,
Ölməz, vacib bircə sənsən - kainatı yaradandır.
Mənə elə nişan ver ki, tapa bilim nişanəni,
Yox, yanıldım, keç suçumdan, Xaliq axı binişandır.
Sənə səcdəm sayəsində çarpır, hələ sağdı qəlbim,
Bu səadət ucbatından varam, varlıq cavidandır.
Mən çarmıxa çəkilmişəm öz əlimlə öz cismimdə,
Xilaskarım əgər varsa, tək özünsən, tək Yǝzdandır.
Ulu həzrət, mənə barı bircə kərə yetir diqqət,
Dərd ümmanı ürəyim də görsün bir yol şadimandır.
Nizaminin səhvi olsa, heyrətlənmə, əfv et özün,
Kimsə qaçıb qurtulamaz, tale özü hökmrandır.
İlk nəfəsin sevincini mənə özün bəxş etmisən,
Son nəfəsdə üstümdə ol, ölməyimə haqq qazandır.
Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm,
Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?
Sevirəm, qəlb ilə canım kimi cananımı mən,
Ölərəm, ya yetərəm sən kimi cananə, gülüm.
Sənə dost olmağıma cümlə şəhər düşman olub,
Məni əfv eylə, baxıb bir belə düşmanə, gülüm.
Harda görsəm səni, zülfündən öpüb yalvararam,
Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm.
Sənsizəm, səndən uzaq kimsəni düşsün,demərəm,
Yetməyir əl sənə, yox səbr də hicranə, gülüm.
Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?
Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?
Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?
Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə!
Ey abi həyat, sən kimə canan olacaqsan?
Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O, xəstə ikən sən kimə dərman olacaqsan?