Amma bu hissin mənasız olduğunu da dərk edirdi, elə adamlar var ki,bir-biriləri üçün doğulublar və bir-birilərindən nə qədər uzaqda yaşasalar da, gec-tez həyat onları rastlaşdırır, görüşdürür, qəlblərində şərik duyğular oyadır. Kimisi buna sevgi deyir, kimisi ehtiras. Təəssüf
ki, cəmiyyətdən çəkinmək, mənfur ictimai rəyə tabe olmaq bu insanların arasında səddə çevrilir və o səddən heç şübhəsiz ki, sinələrdə göynərtili bir yara yeri qalır. Əgər insanın etiraf gücü olsa, hansısa məqamda həlledici addımı atmadığına görə özünü ittiham etdiyini boynuna alar. Haris inanırdı ki, bu hisləri hər iki cinsdən olanlar kişilər də, qadınlar
da yaşayırlar. Ona görə də ictimai rəy adlı damğanın insan üçün buxov olduğunu hamı dərk edir. İndi
kimlərsə onun bu fikrinə dodaq büzə bilər. Bu, ya həmin şəxsin riyakarlığı, ya da onun bir insan kimi
hisdən, duyğudan məhrum olması deməkdir.
İgnatov bir qadına vurğunluğu anlamırdı. Onun fikrincə, sevgi daha böyük, daha əzəmətli bir məfhum, sevgiyə layiq isə inqilab, partiya, vətən kimi dəyərlər ola bilərdi. Qadın isə... Ümumiyyətlə, axı fərqli-fərqli ölçülərə aid hissləri eyni sözlə necə ifadə etmək olardı? Tərəzinin bir gözünə bəşər övladı olan bir qadını, digərinə isə inqilabı qoyursan - o bunu başa düşə bilmirdi. Cəfəngiyatdır axı.Lap o gözəl-göyçək, coşqun təbiətli Nastasya olsun - sonunda bir qadındır. Onunla bir-iki gecə, uzaqbaşı beş-altı ay ünsiyyətdə olub, entirasını təmin etdin, vəssalam. Sevgi ilə nə əlaqəsi var? Adi hisslər, emosiyalar tonqalı. Yanır - könül oxşayır, külünü üfürüb, həyatına davam edirsən. Ona görə də İqnatov heç vaxt sevgi sözünü dilinə almır, onu ləkələmək istəmirdi.