Sadə bir eksperimentdə iki könüllü o andakı əhval-ruhiyyələrini bir kontrol cədvəlinə qeyd etdikdən sonra üzbəüz əyləşərək təcrübəçinin geri qayıtmasını sakitcə gözləyir. İki dəqiqədən sonra təcrübəçi gəlir və onlardan cədvəli bir də doldurmalarını xahiş edir. Təcrübədə iştirak edən könüllülər elə seçilmişdir ki, onlardan biri öz hisslərini yaxşı ifadə edə bilir, digəri isə bunu bacarmır. İstisnasız olaraq, hər dəfə hisslərini daha yaxşı ifadə edə bilən könüllünün əhval-ruhiyyəsinin daha passiv olan yoldaşına keçdiyi müşahidə olunur.
Hisslərin ötürülməsi hansı sehrli yolla baş verir? Çox güman ki, biz başqalarının büruzə verdiyi hissləri müşahidə edərək, onların üz ifadəsini, jestlərini, səs tonunu və digər qeyri-verbal duyğu əlamətlərini qeyri-şüuri hərəkətlər vasitəsi ilə təqlid edirik. Bu təqlid nəticəsində insanlar başqasının əhval-ruhiyyəsini özlərində yenidən yaradırlar; bu, aktyorların keçmişdə yaşadıqları bir hissi yenidən oyandırmaq üçün o hissə aid olan jestləri, hərəkətləri və digər ifadələri xatırlamağa çalışdığı Stanislavski metoduna bənzəyir.